AnalitikaGündəmSiyasət

Yeni Azərbaycan Partiyasının təsisindən bu günədək keçdiyi tarixi yol

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycan Respublikasının siyasi tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdır. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və siyasi sabitliyin təmin edilməsi zərurəti yeni siyasi təşkilatın yaradılmasını aktuallaşdırmışdı.

Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri və siyasi fəallar çıxış etmişlər. 1992-ci il oktyabrın 16-da bir qrup ziyalı tərəfindən Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlanaraq yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsi xahiş olunmuşdur. Heydər Əliyev bu müraciəti qəbul etmiş və partiyanın təsis edilməsi istiqamətində mühüm siyasi proses başlamışdır.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası rəsmən təsis edilmiş, Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçilmişdir. Bu hadisə ölkənin siyasi həyatında yeni təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Partiyanın yaradılması müstəqil dövlətçiliyin qorunması, siyasi sabitliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ölkənin ictimai-siyasi həyatında mühüm mövqeyə sahib olmuşdur. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dövlət quruculuğu, siyasi sabitliyin təmin olunması və sosial-iqtisadi inkişaf istiqamətində yeni mərhələnin əsası qoyulmuşdur. Bu dövr Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi və beynəlxalq münasibətlər sistemində mövqelərinin güclənməsi baxımından mühüm mərhələ hesab olunur.

Yeni Azərbaycan Partiyasının fəaliyyətində dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, demokratik dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi kimi istiqamətlər xüsusi yer tutur. Partiya yarandığı gündən etibarən müxtəlif ictimai-siyasi proseslərdə iştirak etmiş, təşkilati strukturunu genişləndirmiş və ölkənin siyasi həyatında fəaliyyətini davam etdirmişdir.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətində yeni inkişaf mərhələsi başlamışdır. Bu dövrdə partiyanın təşkilati fəaliyyətinin təkmilləşdirilməsi, gənclərlə işin genişləndirilməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və müasir çağırışlara uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi diqqət mərkəzində olmuşdur.

2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiyanın Nizamnamə və Proqramında dəyişikliklər edilmiş, təşkilati strukturunda yeniliklər həyata keçirilmişdir. Bu dəyişikliklər partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətli olmuşdur.

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında fəaliyyət göstərən siyasi təşkilatlardan biri kimi fəaliyyətini davam etdirir. Partiyanın rayon və şəhər təşkilatları, gənclər və qadınlar strukturları vasitəsilə müxtəlif tədbirlər, görüşlər, maarifləndirici layihələr və ictimai təşəbbüslər həyata keçirilir. Xüsusilə gənclərin ictimai-siyasi fəallığının artırılması, onların dövlətçilik ənənələrinə bağlılıq ruhunda formalaşması və ictimai proseslərdə iştirakının genişləndirilməsi partiyanın fəaliyyət istiqamətləri sırasında yer alır.

Yeni Azərbaycan Partiyasının təsis konfransının ildönümü yalnız partiyanın yaranma tarixinin qeyd edilməsi deyil, eyni zamanda Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələlərinin, dövlətçilik ənənələrinin və siyasi təşkilatlanma proseslərinin xatırlanması baxımından da əhəmiyyətlidir.

21 Noyabr – Yeni Azərbaycan Partiyasının təsis olunduğu gün münasibətilə partiyanın keçdiyi tarixi inkişaf yoluna nəzər salmaq, Ulu Öndər Heydər Əliyevin siyasi irsini və dövlətçilik fəaliyyətini yad etmək, eləcə də müasir Azərbaycanın inkişaf mərhələlərini diqqətə çatdırmaq xüsusi əhəmiyyət daşıyır.

İsgəndər Yusifli,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button