
Pedaqoqun nüfuzu yalnız biliyi ilə deyil, həm də yaratdığı mühitin səliqəsi, daxili intizamı və formalaşdırdığı korporativ mədəniyyətlə ölçülür. Məktəbdə vahid dəyərlərin qorunması, nizam-intizamın təmin edilməsi və sosial bərabərliyin təşviqi təhsilin keyfiyyətinə təsir göstərən mühüm amillərdəndir.
Müasir dünyada baş verən qlobal ideoloji ziddiyyətlər, internet və sosial media vasitəsilə yayılan zərərli məzmunlar uşaqların və gənclərin dünyagörüşünə təsirsiz ötüşmür. Belə bir şəraitdə milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin zərərli ideoloji təsirlərdən müdafiəsi təhsil sisteminin qarşısında duran mühüm vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında vurğuladığı kimi, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik qədər önəmlidir. Bu yanaşma məktəblərin yalnız bilik verən deyil, eyni zamanda milli kimliyi, vətənpərvərlik hissini və sağlam dünyagörüşünü formalaşdıran mühüm sosial institutlar olduğunu bir daha təsdiqləyir.
Bəs bu təhdidlərin qarşısını almaq üçün məktəbdə hansı addımlar atılmalıdır?
Cavab yalnız tədris olunan biliklərdə deyil, həm də məktəbdə yaradılan sağlam mühitdə, daxili nizam-intizamda, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdə və dünyəvilik prinsipinə əməl olunmasındadır. «Ümumi təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda təsbit edilən prinsiplər təhsilin milli və dünyəvi əsaslar üzərində inkişafını nəzərdə tutur.
Direktoru olduğum Milli Qəhrəman Rafiq Nəsrəddinovun adını daşıyan 39 nömrəli tam orta ümumtəhsil məktəbi 60 ildən artıq fəaliyyəti ərzində milli-mənəvi dəyərlərə sadiqliyi və müasir təhsil prinsiplərinə bağlılığı ilə seçilmişdir. Məktəbimizin həyətində ucaldılan Milli Qəhrəmanımızın büstü şagirdlərimiz üçün vətənpərvərlik, fədakarlıq və Vətənə sədaqət nümunəsidir.
2018–2019-cu dərs ilində əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin edilən məktəbimizdə STEAM laboratoriyası, müasir akt zalı, oxu zalı, idman zalı və informatika kabinetləri şagirdlərin hərtərəfli inkişafına xidmət edir. Məktəbimizin «İKT-İRS» layihəsi üzrə qrant qazanması və «Ən yaxşı ümumi təhsil məktəbi» müsabiqəsinin qalibi olması təhsilin keyfiyyətinə və innovativ yanaşmalara verilən önəmin göstəricisidir.
Lakin müasir infrastruktur və texnoloji imkanlarla yanaşı, məktəbdə daxili intizamın, qarşılıqlı hörmətin və vahid dəyərlər sisteminin qorunması da vacibdir.
Vahid məktəbli forması – sosial bərabərlik və kollektiv kimlik
Təhsilin dünyəvi xarakter daşıması dini-mənəvi dəyərlərin inkarı demək deyil. Azərbaycan modeli milli-mənəvi irsin qorunmasını dünyəvi dövlətçilik prinsipləri ilə uzlaşdırır. Dövlətimizin dəstəyi və Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini-mədəni irsin bərpası istiqamətində mühüm işlər görülür.
Bununla yanaşı, məktəb mühiti özünəməxsus həssaslığı ilə seçilir. Burada hər bir şagirdin azad düşüncəsinin, müstəqil dünyagörüşünün və şəxsiyyətinin formalaşması üçün sağlam, təhlükəsiz və ayrı-seçkilikdən uzaq mühit yaradılmalıdır.
Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət ümumi təhsil müəssisələrinin şagird geyim formalarına dair tələblər vahid məktəbli geyiminin əhəmiyyətini yenidən gündəmə gətirir. Vahid forma sadəcə geyim qaydası deyil, həm də məktəb mədəniyyətinin, sosial bərabərliyin və kollektivə mənsubiyyət hissinin ifadəsidir.
Vahid məktəbli forması, ilk növbədə, şagirdlər arasında sosial-iqtisadi fərqlərin zahiri görünüşdə qabardılmasının qarşısını almağa, hər bir uşağın özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməsinə şərait yaradır. Eyni zamanda, məktəbə aidiyyət hissini, məsuliyyəti və kollektiv ruhunu gücləndirir.
Geyim qaydalarına əməl olunması şagirdlərdə səliqə, özünə və ətrafdakılara hörmət, məsuliyyət və intizam vərdişlərinin formalaşmasına da kömək edir. Bu baxımdan vahid məktəbli forması məktəbdə sağlam təlim-tərbiyə mühitinin yaradılmasının mühüm elementlərindən biridir.
Müəllimin görünüşü – peşəkarlıq və pedaqoji nüfuz
Məktəbdə vahid dəyərlərin formalaşmasında müəllimin şəxsi nümunəsi xüsusi əhəmiyyət daşıyır. Təhsilverənin davranışı, ünsiyyət mədəniyyəti və xarici görünüşü şagirdlərin dünyagörüşünə, münasibətlərinə və gündəlik vərdişlərinə təsir göstərir.
Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli qərarı ilə təhsilverənlərin geyiminə dair müəyyənləşdirilmiş tələblər də məktəbdə vahid korporativ mədəniyyətin formalaşdırılması baxımından əhəmiyyətlidir. Müəllimin geyimi təmiz, səliqəli, mövsümə uyğun və işgüzar üslubda olmalıdır. Bu yanaşma pedaqoji nüfuzun qorunmasına, məktəbdə peşəkar mühitin möhkəmləndirilməsinə və şagirdlərdə düzgün davranış normalarının formalaşmasına xidmət edir.
Şagirdlər üçün müəyyən edilmiş geyim qaydaları ilə müəllimlərin peşəkar görünüş standartlarının uzlaşdırılması məktəbdə ümumi nizam-intizam və məsuliyyət mədəniyyətini gücləndirir. Bununla yanaşı, milli-mənəvi irsin təbliği məqsədilə tarixi və mədəni tədbirlərdə milli geyim elementlərindən istifadə olunması milli kimliyin yaşadılması və gənc nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Yekun
Bir məktəb rəhbəri kimi əminəm ki, nizam-intizam, vahid geyim standartları və dünyəvi təhsil prinsipləri sağlam, təhlükəsiz və keyfiyyətli təhsil mühitinin formalaşmasının vacib şərtlərindəndir. Məktəbdaxili qaydalar inzibati tələb olmaqla məhdudlaşmamalı, onların mahiyyəti şagirdlərə və valideynlərə düzgün izah edilməli, maarifləndirmə işi daim diqqətdə saxlanılmalıdır.
Əsas məqsədimiz milli-mənəvi dəyərlərə bağlı, müstəqil düşüncəli, müasir dünyagörüşünə malik, savadlı və vətənpərvər gənclər yetişdirməkdir. Bu məqsədə nail olmaq üçün məktəb, ailə və cəmiyyət arasında əməkdaşlıq gücləndirilməli, uşaqların zərərli ideoloji təsirlərdən qorunması ilə yanaşı, onların tənqidi düşünmə və düzgün seçim etmək bacarıqları da inkişaf etdirilməlidir.
İnanıram ki, sosial bərabərliyin, qarşılıqlı hörmətin, milli-mənəvi dəyərlərin və dünyəvi təhsil prinsiplərinin vəhdəti məktəblərimizdə sağlam mühitin formalaşmasına, gələcəyimiz olan gənc nəslin hərtərəfli inkişafına mühüm töhfə verəcəkdir.
Çünki güclü məktəb – güclü dövlət deməkdir!
Tahirə Şükürova ,
Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, qabaqcıl təhsil işçisi, YAP Nərimanov rayon təşkilatı üzrə ərazi partiya təşkilatının sədri



