
Yeni Azərbaycan Partiyası 1992-ci ildə ölkəmizin mürəkkəb və taleyüklü bir dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunmuşdur. Partiyanın yaranması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dövlətçiliyinin qorunması, daxili sabitliyin təmin edilməsi və xaosun qarşısının alınması baxımından tarixi zərurət idi. Ötən 34 il ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilərək ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyini möhkəmləndirmişdir.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs partiyanın fəaliyyətinin əsasını təşkil edir və bu siyasət müstəqil Azərbaycanın inkişaf strategiyasına çevrilmişdir. Partiyanın sıralarında cəmiyyətin müxtəlif təbəqələrini, ziyalıları, gəncləri və peşəkar kadrları birləşdirməsi onun geniş sosial bazaya malik olduğunu göstərir. Hər bir mərhələdə milli maraqların üstün tutulması Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu daim artırmışdır.
Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası yeni dövrün çağırışlarına uyğun olaraq fəaliyyətini uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən köklü islahatlar, iqtisadi modernləşmə və sosial rifah proqramları partiyanın proqram məqsədləri ilə uzlaşır. Əldə olunan nailiyyətlər partiyanın siyasi iradəsinin və idarəçilik təcrübəsinin bariz nümunəsidir.
Otuz dörd illik tarixi yol göstərir ki, Yeni Azərbaycan Partiyası ötən dövrün sınaqlarından şərəflə çıxmış və gələcək inkişafın möhkəm təməlini yaratmışdır. Partiya bundan sonra da dövlət müstəqilliyinin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıllıqla davam etdirəcəkdir. Bu yubiley həm keçilən yola nəzər salmaq, həm də yeni hədəflərə doğru inamla addımlamaq baxımından əlamətdar hadisədir.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



