
Başını buludlara söykəyən uca zirvələri, sıx və zəngin meşə örtüyü, sıldırım qayaların arasından süzülüb axan buz bulaqları ilə Kəlbəcər sanki təbiətin öz əli ilə yaratdığı füsunkar bir sənət əsəridir. Hər qarışı gözəllik saçan bu əsrarəngiz diyar doğma sakinlərinin nəfəsi ilə yenidən canlanaraq əvvəlki əzəmətini və şöhrətini geri qaytarır.
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər zəngin tarixi irsi, qədim abidələri və təbii ehtiyatları ilə seçilir. Rayonun iqtisadi potensialını müəyyən edən əsas amillər sırasında müalicəvi xüsusiyyətləri ilə tanınan İstisu mineral bulaqları xüsusi yer tutur. Bu bulaqlar kurort-sanatoriya turizminin və mineral su sənayesinin inkişafı üçün unikal resurs hesab olunur. Bununla yanaşı, qiymətli süxurlar və zəngin faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, xromit və digər mineral xammal mənbələri rayonun iqtisadi əhəmiyyətini daha da artırır.
İyirmi yeddi il davam edən işğalın başa çatması və 2020-ci il noyabrın 25-də Kəlbəcərin bir güllə belə atılmadan Azərbaycana qaytarılması dövlətçilik tariximizin mühüm səhifələrindən biridir. Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 10 noyabr tarixli üçtərəfli Bəyanat erməni silahlı birləşmələrinin Kəlbəcəri döyüşsüz tərk etməsini təmin etdi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uğurlu diplomatiyası nəticəsində rayon insan tələfatı olmadan geri qaytarıldı.
1993-cü ildə işğal zamanı dinc əhalinin doğma yurdlarından didərgin salınması, BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə məhəl qoyulmadan qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirilməsi, eləcə də Kəlbəcərin təhvil verilməsi üçün əlavə ayrılmış 10 günlük möhlət ərzində evlərin yandırılması və meşələrin qırılması kimi ekoloji terror aktları bu torpaqların strateji və mənəvi dəyərini bir daha nümayiş etdirir.
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti ilə Kəlbəcərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılması, dövlət başçısının rayon ərazisinə ardıcıl səfərləri, yol-nəqliyyat infrastrukturunun, tunellərin və elektrik stansiyalarının təməlinin qoyulması, eləcə də bir sıra layihələrin istifadəyə verilməsi bölgənin sürətli dirçəlişinə mühüm təkan verdi.
Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər şəhəri və kəndləri müasir standartlar əsasında yenidən qurulur. Doğma yurduna, ata-baba ocağına qayıdan soydaşlarımızın dayanıqlı məskunlaşması və rifahının təmin edilməsi məqsədilə bütün zəruri infrastruktur yaradılır.
Bərpa və quruculuq işləri ilə yanaşı, bölgənin zəngin florasının müasir elmi metodlarla öyrənilməsi də qarşımızda duran əsas vəzifələrdəndir. Fəaliyyət göstərdiyim Kimya İnstitutunun prioritet elmi istiqamətlərindən biri də məhz Qarabağ və Şərqi Zəngəzurun dərman bitkilərinin ekstraktları əsasında təbii və yeni nəsil sintetik enzim-izoenzim inhibitorlarının yaradılması, eləcə də onların canlılarda patoloji proseslərə qarşı eksperimental modellərdə effektivliyinin tədqiqidir.
Bir kimyaçı kimi qürurla qeyd edə bilərəm ki, institutumuzun optimallaşdırılması və yenidən qurulması, qarşıya qoyulan məqsədlər və həyata keçirəcəyimiz elmi tədqiqatlar doğma torpaqlarımızın zəngin bioloji resurslarının yüksək elmi texnologiyalar əsasında tibb və əczaçılıq sənayesinə qazandırılmasına mühüm töhfə verəcəkdir. Bu, bütövlükdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının elmi və iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edəcəkdir.
Təbii sərvətlərdən səmərəli istifadə, “Böyük Qayıdış” proqramının uğurla icrası və elmi-iqtisadi potensialın reallaşdırılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkəmizin aparıcı inkişaf mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayacaq, regionun davamlı tərəqqisinə güclü təkan verəcəkdir.
Sevinc Həsənova,
Elm və Təhsil Nazirliyi Kimya İnstitutu PHŞ-nin Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri, YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri



