
Bu gün dünyada baş verən hadisələrə nəzər saldıqda insanların və xalqların bir-birini anlamağa nə qədər ehtiyac duyduğunu görürük. Müxtəlif mədəniyyətlər, dinlər, dünyagörüşləri və həyat tərzləri dünyamızı rəngarəng etsə də, bəzən elə həmin fərqliliklər insanlar arasında anlaşılmazlıqlara və qarşıdurmalara səbəb olur. Halbuki fərqli olmaq bir-birinə düşmən olmaq demək deyil.
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz bu məsələlərə diqqət çəkməsi baxımından əhəmiyyət daşıyırdı. “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusu əslində bu gün bəşəriyyətin qarşısında duran əsas suallardan birini ifadə edir: fərqli düşünən, fərqli inanca və mədəniyyətə sahib olan insanlar necə birgə yaşaya və ortaq gələcək qura bilərlər mövzusu forumun gündəmi səviyyəsində idi.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı dünyəvi əhəmiyyətə malik oldu. Dövlət başçısı öz çıxışında ölkəmizin müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olaraq öz tarixi ənənələrini, milli dəyərlərini xalqımız tərəfindən əsrlər boyu qorunub saxlanıldığını vurğuladı.
Bu gün Azərbaycanda müxtəlif dini və etnik qrupların birgə yaşaması mövcuddur. Fərqli mədəniyyətlərin özünəməxsusluğu və azərbaycançılıq ideologiyasının qorunması mədəniyyətlərarası münasibətlərin gündəlik həyatın bir hissəsi olduğunun göstəricisidir.
Bundan başqa forumda müzakirə olunan məsələlər sırasında təhlükəsizlik məsələləri də diqqət mərkəzində idi. Azərbaycanın təcrübəsi və beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar bütün dünyada xüsusi maraq doğurur. Azərbaycanın bu məsələyə yanaşmasında diqqət çəkən məqamlardan biri də təhlükəsizliyin yalnız hərbi və hüquq-mühafizə tədbirləri ilə məhdudlaşdırılmamasıdır. Çünki insanların özlərini təhlükəsiz və cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etmədiyi bir mühitdə davamlı sülhdən danışmaq çətindir. Bu baxımdan Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq təcrübəsi mədəniyyətlərarası dialoqla təhlükəsizlik arasında mövcud olan əlaqəni bariz şəkildə göstərir.
Cənab Prezident öz çıxışında əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olduğunu vurğuladı. Ölkə başçısı həmçinin qeyd etdi ki,ltikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşadığı meyar olub və biz onları yüksək dəyərləndiririk.
Forumda beynəlxalq təşkilatların nümayəndələrinin çıxışlarında da müasir dünyanın qarşılaşdığı problemlər geniş müzakirə olundu. Dini dözümsüzlük, ayrı-seçkilik, münaqişələr və insanların bir-birinə qarşı inamsızlığı kimi məsələlərə toxunuldu. Forumda səsləndirilən çıxışlarda bir fikir xüsusilə diqqət çəkirdi: dialoq sadəcə danışıq deyil, həm də dinləyərək qarşı tərəfi anlamağa çalışmağı bacarmaqdır. İnsanların bir-birinin düşüncələrinə hörmət etməsi üçün mütləq eyni fikirdə olması vacib deyil. Əsas məsələ qarşılıqlı anlayış və hörmətin qorunmasıdır.
Xüsusilə texnologiyanın inkişaf etdiyi bir dövrdə yanlış məlumatların və mənfi çağırışların daha sürətlə yayılması müzakirənin əhəmiyyətini bir qədər də artırmış oldu. Belə ki,İnsanları bir-birindən uzaqlaşdıran vasitələri deyil, onları yaxınlaşdıran imkanların təbliğatı ilə daha çox fayda əldə etmək olar. Bu prizmadan çıxış edərək əminliklə deyə bilərik ki, təhsilin, mədəniyyətin və gənclərin rolu xüsusi əhəmiyyət daşıyır. İnsan başqa mədəniyyətləri tanıdıqca, fərqli insanların həyat tərzi və onların düşüncələri ilə tanış olduqca onlar arasında dostluq bağları yaranır. Bəzən bir söhbət, bir tanışlıq və ya başqa bir ölkəyə səyahət illərlə formalaşmış yanlış təsəvvürü dəyişə bilir.
Bütün bunlar onu göstərir ki, mədəniyyətlərarası dialoq yalnız beynəlxalq forumlarda müzakirə olunan bir mövzu olaraq qalmamalıdır. Bu anlayış ilk öncə ailədə, sonra məktəbdə, iş mühitində və gündəlik münasibətlərimizdə də özünü göstərməlidir. Çünki qarşılıqlı hörmət və anlaşma böyük dəyişikliklərin başlanğıcı ola bilər.
Cənab Prezidentin çıxışında diqqət çəkən mühüm fikirlərdən biri də ideoloji risklərin fiziki risklər qədər təhlükəli olması ilə bağlı idi. Dövlət başçısının vurğuladığı milli kimliyin, dövlətçiliyin, müstəqilliyin və həyat tərzinin qorunması məsələsi təhlükəsizliyə daha ciddi yanaşmağı tələb edir. Bu baxımdan ideoloji təhlükəsizlik yalnız təhdidlərə qarşı mübarizə deyil, həm də milli dəyərlərin, sağlam düşüncənin və cəmiyyətdə birliyin qorunması deməkdir. Qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətinin ahəngarlığı məhz dövlətimizin uğurlu inkişafını, tarixi ədaləti bərpa edərək ərazilərimizin işğaldan azad olunmasını təmin edən amillərdən idi.
Silahlar fiziki təhlükələrdən müdafiə edə bilər, lakin cəmiyyətdə davamlı sülhün qorunması üçün qarşılıqlı hörmət, sağlam düşüncə və mənəvi dəyərlər də lazımdır.
Bu konteksdə də Azərbaycanın öz təcrübəsini bir neçə istiqamətdə təqdim edərək ölkələr arasında öz modelini təsdiqlədiyini görə bilərik. Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olması öz növbəsində ölkəmizdə formalaşmış birgəyaşayış ənənələrinin əsasını təşkil edir. Bu günkü vəziyyət onu deməyə əsas verir ki, ölkəmizdə daxili risklər mövcud deyil. Lakin sabitliyi pozmağa yönəlik potensial ideoloji risklər kənardan gəlir. Bu risklərdən qorunmaq üçün cənab Prezidentin qeyd etdiyi kimi ayıq-sayıq olmalıyıq.
Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşaması dedikdə, təkcə ideoloji təhlükəsizlik deyil, sağlam ictimai düşüncənin təşviqi, mədəni irsin qorunması, xalqların kimliyinə və yaddaşına hörmət ifadə olunur. Tarixi və dini abidələrdən danışarkən qeyd edə bilərik ki, onlar yalnız keçmişdən qalan memarlıq nümunələri deyil, həm də xalqların yaddaşını, kimliyini və mənəvi dəyərlərini özündə yaşadan irsdir. Onların qorunması fərqli mədəniyyətlərə və inanclara hörmətin mühüm göstəricisidir. Mədəni irsə sahib çıxmaq gələcək nəsillərin öz tarixini və köklərini tanımaq imkanını qorumaq deməkdir. Cənab Prezidentin milli ənənələrin və həyat tərzinin qorunmasına dair fikirləri mədəni irsin əhəmiyyətini bir daha ön plana çıxarmış oldu.
Beləliklə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha xatırlatdı ki, dünyada sülhü bərqərar etmək, qarşıdurmalara son qoymaq üçün insanların eyni düşünməsi vacib deyil. Əsas olan insanların mehriban,qarşılıqlı anlayış şəraitində yaşaması və ortaq dəyərlər ətrafında birləşə bilməsidir.
Məhsəti Məmmədova,
“H.B.Zərdabi pr. 59” (“4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”)
ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini



