AnalitikaGündəmSiyasət

Heydər Əliyevin Konstitusiya quruculuğu sahəsində tarixi missiyası

Azərbaycanın müasir dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti xüsusi siyasi və tarixi əhəmiyyət daşıyır. Onun dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət milli maraqların qorunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və hüquqi sistemin inkişafına istiqamətlənmişdi. Konstitusiya quruculuğu da bu geniş dövlətçilik strategiyasının mühüm tərkib hissəsi idi. Heydər Əliyev yaxşı anlayırdı ki, müstəqil dövlətin davamlı inkişafı üçün yalnız siyasi iradə deyil, həm də möhkəm hüquqi baza və səmərəli idarəçilik mexanizmləri lazımdır.

Ulu Öndərin konstitusion dövlətçilik tariximizdə xidmətləri hələ sovet dövründə özünü göstərmişdi. 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasının hazırlanması zamanı onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli maraqların qorunması baxımından mühüm hadisə idi. Həmin dövrdə mövcud olan siyasi-ideoloji məhdudiyyətlərə baxmayaraq, ana dilinin hüquqi statusunun Əsas Qanunda təsbit olunması xalqın milli kimliyinin və mənəvi dəyərlərinin müdafiəsinə xidmət edirdi. Bu addım Heydər Əliyevin dövlətçilik düşüncəsinin uzaqgörənliyini nümayiş etdirirdi.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkədə siyasi böhran, iqtisadi tənəzzül və dövlət idarəçiliyində ciddi problemlər mövcud idi. Belə bir şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması və möhkəmləndirilməsi baxımından həlledici rol oynadı. Siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması və hüquqi münasibətlərin sistemləşdirilməsi yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait yaratdı.

Ulu Öndərin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası müstəqil Azərbaycanın gələcək inkişaf modelini müəyyənləşdirən layihə üzərində geniş iş apardı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Əsas Qanun demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun prinsiplərini təsbit etdi. İnsan hüquqlarının qorunması, hakimiyyət bölgüsü, siyasi plüralizm, mülkiyyət formalarının bərabərliyi və dövlət suverenliyi Konstitusiyanın əsas istiqamətlərinə çevrildi.

Bu gün Heydər Əliyevin Konstitusiya quruculuğu sahəsində müəyyən etdiyi strateji xətt müasir Azərbaycanın inkişafında öz əksini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi institutların inkişafı və milli suverenliyin möhkəmləndirilməsi həmin siyasi irsin davamlılığını nümayiş etdirir. Ulu Öndərin tarixi xidmətləri göstərir ki, güclü dövlətin təməlində milli maraqlara söykənən siyasi iradə, hüququn aliliyi və xalqın dövlətçilik ətrafında birliyi dayanır.

Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button