
Dövlət rəmzləri hər bir xalqın tarixini, milli-mənəvi dəyərlərini və dövlətçilik ideallarını ifadə edən mühüm atributlardır. Dövlət Himni, Dövlət Gerbi və Dövlət Bayrağı Azərbaycanın suverenliyini, müstəqilliyini və beynəlxalq aləmdə tanınmasını təcəssüm etdirir. Bu rəmzlər arasında Dövlət Bayrağı xüsusi mənəvi əhəmiyyətə malikdir. Çünki bayraq xalqın azadlıq iradəsini, milli qürurunu və vahid dövlət ətrafında birliyini nümayiş etdirir.Azərbaycanın üçrəngli Dövlət Bayrağı XX əsrin əvvəllərində formalaşmış milli dövlətçilik ideyalarının parlaq təcəssümüdür. Onun tarixi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi ilə sıx bağlıdır.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikalardan biri kimi yaradılmışdır. Yeni dövlətin milli atributlarının müəyyən edilməsi müstəqilliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. 1918-ci il iyunun 21-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk Dövlət Bayrağı haqqında qərar qəbul edilmiş, həmin bayraq qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzdan ibarət olmuşdur. 1918-ci il noyabrın 9-da isə Nazirlər Şurasının qərarı ilə yaşıl, qırmızı və mavi rənglərdən ibarət üçrəngli bayraq qəbul edilmişdir. Bu tarix müasir Azərbaycan Dövlət Bayrağının yaranmasında mühüm mərhələ olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayraq dövlət rəmzi kimi istifadə olunmasa da, xalqın milli yaddaşında və müstəqillik ideyalarında yaşamaqda davam etmişdir.1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayraq yenidən dövlət rəmzi statusu qazanmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq etmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. Bu qərar milli dövlətçilik tariximizin mühüm səhifəsinə verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan Dövlət Bayrağının hər bir rəngi dərin ideoloji məna daşıyır. Bu rənglər Azərbaycan xalqının tarixi inkişaf yolunu və milli ideallarını ifadə edir. Mavi rəng türkçülük ideyasını, Azərbaycan xalqının türk mənşəyini, tarixi və mədəni bağlılığını simvolizə edir. Qırmızı rəng müasirliyi, inkişafı, demokratiya və tərəqqi ideyalarını ifadə edir. Bu rəng xalqımızın müasir dünyaya inteqrasiya, elmə, təhsilə və texnoloji inkişafa əsaslanan cəmiyyət qurmaq arzusunu əks etdirir. Yaşıl rəng islam sivilizasiyasına və mədəniyyətinə mənsubluğu, mənəvi dəyərləri və ənənələri təcəssüm etdirir. Bayrağın mərkəzində yerləşən ağ aypara və səkkizguşəli ulduz da milli rəmzlər sisteminin mühüm elementləridir. Onlar Azərbaycan xalqının tarixi-mədəni irsi və dövlətçilik ənənələri ilə əlaqələndirilir.
Üçrəngli bayrağın ideoloji mahiyyəti milli kimlik, müasirlik və mənəvi dəyərlərin vəhdətini ifadə edir. Bu vəhdət Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas mənəvi dayaqlarından biridir. Müasir dövrdə Azərbaycan Dövlət Bayrağı yalnız dövlət qurumlarının binalarında dalğalanan rəsmi atribut deyil, həm də xalqımızın milli qürurunun və birliyinin simvoludur. Beynəlxalq tədbirlərdə, idman yarışlarında, elmi konfranslarda və diplomatik görüşlərdə bayrağımızın yüksəldilməsi Azərbaycanın dünyada tanınmasının və suverenliyinin ifadəsidir. 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra Azərbaycan bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanması xalqımızın tarixi ədalətə, ərazi bütövlüyünə və milli birliyə bağlılığının rəmzinə çevrilmişdir. 2023-cü ildə Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində tam bərpa olunması dövlət bayrağının daşıdığı mənəvi və siyasi əhəmiyyəti daha da artırmışdır. Bu gün üçrəngli bayrağımız ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü, dövlət suverenliyini və gələcəyə inamını təcəssüm etdirir.
9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli tarixini, dövlətçilik ənənələrini və müstəqillik ideallarını bir daha xatırladan əlamətdar gündür. Üçrəngli bayrağımız keçmişimizlə bu günümüz arasında mənəvi körpü olmaqla yanaşı, gələcək nəsillər üçün də milli kimlik və vətənpərvərlik nümunəsidir. Dövlət bayrağına hörmət yalnız onun qarşısında ehtiram göstərməklə məhdudlaşmır. Bu hörmət müstəqil dövlətimizin inkişafına töhfə vermək, milli-mənəvi dəyərləri qorumaq, elmi və intellektual potensialı artırmaq, ölkəmizin beynəlxalq nüfuzunu yüksəltmək kimi vəzifələrdə özünü göstərir. Azərbaycanın üçrəngli bayrağı daim yüksəklərdə dalğalansın! O, xalqımızın azadlığının, birliyinin, müstəqilliyinin və parlaq gələcəyinin əbədi rəmzidir.
Şəhla Xəlilova,
Elm və Təhsil Nazirliyi, Fizika İnstitutu,
Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilatının sədri



