AnalitikaGündəmSiyasət

Bayraq millət, dövlət, milli mənlik deməkdir

Elə bir Vətənini sevən insan tapılmaz ki, o mənsub olduğu dövlətin bayrağını görüb qəlbində qürur hissi keçirməsin. Hər bir azərbaycanlının da qürur yeridir, müstəqil dövlətimizin rəmzi olan üçrəngli bayrağımız. Bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikasının Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir. Dövlət rəmzləri hər bir xalqın tarixi keçmişini, milli kimliyini, mənəvi dəyərlərini və müstəqillik ideallarını özündə əks etdirən mühüm atributlardır. Bayraq, gerb və himn dövlətin suverenliyini, xalqın birliyini və milli dövlətçilik ənənələrinə bağlılığını ifadə edir. Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı da bu baxımdan xalqımızın azadlıq mübarizəsinin, tarixi irsinin və müstəqil dövlət qurmaq əzminin ən parlaq rəmzidir. Hər bir azərbaycanlı üçün xüsusi mənəvi dəyər daşıyan bayrağımız yalnız dövlət atributu deyil, həm də Vətənə bağlılığın, milli həmrəyliyin və gələcəyə inamın ifadəsidir. Ona göstərilən ehtiram xalqımızın öz tarixinə, dövlətçiliyinə və milli dəyərlərinə verdiyi qiymətin göstəricisidir.

      Üçrəngli Dövlət Bayrağımızın mənəvi dəyəri xüsusilə Vətən müharibəsi dövründə daha aydın şəkildə üzə çıxdı. 2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı tarixi Qələbə nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edildi. Bu Zəfər xalqımızın milli qürurunu daha da yüksəltdi, bayrağımızın doğma torpaqlarımızda yenidən dalğalanmasını təmin etdi. Şuşanın azad olunması ilə bağlı tarixi gün olan 8 Noyabr və ardınca əldə edilən Qələbə üçrəngli bayrağımızın xalqımız üçün daşıdığı mənəvi məzmunu daha da zənginləşdirdi. İşğaldan azad edilmiş ərazilərimizdə Dövlət Bayrağının ucaldılması illərlə davam edən həsrətin sona çatmasının, tarixi ədalətin bərpasının və milli iradənin təntənəsinin rəmzinə çevrildi.

       Bu gün rəşadətli Azərbaycan Ordusunun gücü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında və Qarabağın digər yaşayış məntəqələrində qürurla dalğalanır. Bu mənzərə Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etməsinin, milli maraqlarını qətiyyətlə müdafiə etmək gücünə malik olmasının göstəricisidir. Xüsusilə Şuşanın uca zirvələrində və Cıdır düzündə dalğalanan bayrağımız xalqımızın qəhrəmanlıq tarixini, şəhidlərimizin fədakarlığını və əsgərlərimizin misilsiz şücaətini xatırladır. Həmin torpaqlarda üçrəngli bayrağımızın ucalması yalnız hərbi uğurun deyil, həm də milli ruhun və dövlətçilik iradəsinin təntənəsidir. Zəfərdən sonra azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də bayrağımızın təmsil etdiyi müstəqil dövlətçilik ideallarının davamıdır. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, müstəqillik və azadlığın dərin hislərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan  bayrağımız uğrunda canlarını qurban verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizi bu müqəddəs bayraq altında birliyə, həmrəyliyə, Vətənimizin müdafiəsində əzmlə dayanmağa və onu yadelli işğalçılardan qorumağa səsləyir.

 

Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı 

Oxşar Xəbərlər

Back to top button