Analitika

Zəfər Paradı – Qalibiyyət yürüşü

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. 2020-ci ilin dekabr ayının 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Zəfər paradında Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Azərbaycan Ordusunun Zəfər paradı həm də Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: “Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button