AnalitikaGündəmSiyasət

Dövlət Suverenliyi Günü – milli iradənin və müstəqilliyin təntənəsi

Azərbaycan xalqının tarixində dövlətçilik ənənələrinin, milli iradənin və ərazi bütövlüyünün xüsusi əhəmiyyət daşıdığı mühüm günlər vardır. Dövlət Suverenliyi Günü də xalqımızın müstəqil dövlətçilik yolunda qazandığı nailiyyətlərin, milli həmrəyliyin və suverenliyimizin təntənəsini ifadə edən əlamətdar günlərdən biridir.

Suverenlik hər bir dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməsi deməkdir. Azərbaycan üçün dövlət suverenliyi yalnız hüquqi anlayış deyil, həm də xalqımızın əsrlər boyu yaşatdığı azadlıq və müstəqillik arzusunun ifadəsidir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Bu istiqamətdə aparılan ardıcıl siyasət, xalqın birliyi və dövlətimizin gücü nəticəsində mühüm tarixi nailiyyətlər əldə edildi.

2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində bərpa olunması dövlətçilik tariximizin mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Bu hadisə Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət qanunlarının ölkənin bütün ərazisində tətbiqinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət Suverenliyi Günü həm də gələcək nəsillərə mühüm mesaj verir: müstəqilliyin və suverenliyin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın məsuliyyətidir. Güclü dövlət, milli birlik, vətənpərvərlik və qanunlara hörmət suverenliyin möhkəmləndirilməsinin əsas dayaqlarıdır.

Bu əlamətdar gün Azərbaycan xalqının dövlətçilik tarixini xatırlamaq, müstəqilliyimizin dəyərini daha dərindən anlamaq və gələcək nəsillərə milli iradə, birlik və dövlətçilik ruhunu aşılamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət Suverenliyi Günü xalqımızın müstəqil Azərbaycan dövlətinə olan bağlılığının, milli həmrəyliyinin və dövlətçilik əzminin rəmzlərindən biridir. Suveren Azərbaycanın inkişafı, ərazi bütövlüyünün qorunması və davamlı tərəqqisi hər birimizin ortaq məsuliyyəti və gələcəyə olan inamımızdır.

Dövlətimiz müstəqil, suverenliyimiz əbədi olsun!

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button