Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.Müstəqil Azərbaycanın əldə etdiyi uğurların, o cümlədən Vətən müharibəsindəki tarixi Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır. Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasətin reallaşdırılmasında Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının da müstəsna xidmətləri olub.Daim yeniləşən, sıralarında ölkənin tanınmış simalarını, fəal gəncləri birləşdirən, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hazırda Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini uğurla davam etdirir. 1992-ci ildə təsis edilən YAP tarixə müstəqil Azərbaycan dövlətinin qurulmasında, ölkəmizin sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan, xalqın etimadını qazanan qələbələr partiyası kimi düşüb. Azərbaycançılıq ideyasının möhkəm təməli üzərində yaranan, ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı kimi ön sırada gedən partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən işlərdə də yaxından iştirak edir. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransından sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra – oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atıldığını söyləyən Prezident bildirdi ki, Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapdı. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edildi. Xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edildi və xalq tərəfindən dəstəkləndi. Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası kimi hər zaman xalqın yanındadır. Biz bunu hər zaman görmüş, əyani şəkildə müşahidə etmişik. COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir vaxtda YAP-ın xeyirxah üzvləri pandemiya ilə bağlı sərt karantin şəraitində evlərindən çölə çıxa bilməyən ahıl, xəstə, kimsəsiz insanların pənahı oldular. Digər tərəfdən iki il öncə, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində də YAP üzvləri istər ön, istərsə də arxa cəbhədə öz sözlərini dedilər. Ali Baş Komandan İlham Əliyevin səfərbərlik çağırışının ardınca toplantı məntəqələrinə gələn, 44 günlük Vətən müharibəsində səngərlərdə qəhrəmanlıq göstərən YAP üzvləri bir fərd olaraq təkcə siyasi deyil, hərbi baxımdan da dövlətin, xalqın keşiyində dayandıqlarını sübut etdilər.Sonda qətiyyətlə qeyd etmək olar ki, ötən 30 ildə Azərbaycanın əldə etdiyi hər uğurda Ulu Öndərin yaradıcısı olduğu YAP-ın payı və zəhməti var. Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini keçirərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Biz bu hədəfə doğru gedirdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı