Nizami rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş geniş tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq Azərbaycanda ilk dəfə “Hərbi rəssamlıq” studiyasının yaradıcısı, Beynəlxalq Mahmud Kaşğari Fondunun laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Natiq Camal Afşarın təqdimatında rəsm sərgisi nümayiş etdirilib. Sərgidə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini, Azərbaycan əsgərinin döyüş ruhunu, xalqımızın Zəfər sevincini və milli yaddaşımızda əbədi yaşayacaq tarixi anları əks etdirən sənət əsərləri iştirakçıların diqqətinə çatdırılıb.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə “91”lərin üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin sədri, professor Südeyf İmamverdiyev, Milli Məclisin deputatları Könül Nurullayeva və Ceyhun Məmmədov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Şahsultan Həsənov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Vətən müharibəsi şəhidi Kənan Süleymanının anası Səadət Şirəliyeva və Vətən müharibəsi qazisi Emin Eminov çıxış ediblər.
Natiqlər bildiriblər ki, Zəfər xalqın tarixi yaddaşının, milli kimliyinin, sarsılmaz iradəsinin və Vətənə bağlılığının təntənəsidir. Bu möhtəşəm tarixi hadisənin əldə olunmasında Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl siyasətin, Ali Baş Komandanın rəhbərliyinin, ordumuzun peşəkarlığının və xalqımızın nümayiş etdirdiyi misilsiz həmrəyliyin həlledici rol oynadığı vurğulanıb.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixinin ən əlamətdar səhifələrindən birinə çevrilib. Azərbaycan Ordusu döyüş meydanında yüksək peşəkarlıq, qətiyyət və qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın işğalına son qoyub, xalqımızın uzun illər davam edən torpaq həsrətini gerçəyə çevrilmiş tarixi Qələbə ilə əvəz edib.
Bildirilib ki, bu möhtəşəm nəticə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurlu davamının, Prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycan xalqının sarsılmaz birliyinin təzahürüdür. Zəfər Günü milli yaddaşımızda dövlətimizin gücünün, xalqımızın əzminin və gələcəyə inamının rəmzi kimi yaşayır.
Tədbirdə həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrindən bəhs olunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış prosesi çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, sosial obyektlər, yollar, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Doğma torpaqlarına qayıdan insanların öz yurdlarında təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Diqqətə çatdırılıb ki, bu gün Zəfər tarixinin yaşadılması, şəhidlə
rin xatirəsinin əbədiləşdirilməsi, qazilərin qəhrəmanlıq nümunələrinin təbliği və gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi hər birimizin qarşısında dayanan mühüm vəzifələrdəndir. 8 Noyabr xalqımızın birlik, həmrəylik və dövlətçilik əzmini nümayiş etdirən, gələcək nəsillər üçün örnək olan şərəfli tarixdir.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.




















