
YAP VIII Qurultayı siyasi məsuliyyət anlayışının müasir mərhələdə yeni məzmun qazanmasını şərtləndirir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə ölkə tarixinin mühüm strateji məqsədlərindən biri həyata keçirilib. Lakin hər bir tarixi nailiyyət yeni məsuliyyətlər doğurur. Zəfərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə etibarlı şəkildə ötürülməsi siyasi qüvvələr qarşısında xüsusi vəzifələr yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas xüsusiyyətlərindən biri strateji qərarların uzunmüddətli nəticələr nəzərə alınmaqla qəbul edilməsidir. İqtisadiyyatın möhkəmləndirilməsi, ordunun modernləşdirilməsi, diplomatik imkanların genişləndirilməsi və enerji siyasətinin inkişafı bir-birindən ayrı istiqamətlər deyil, vahid dövlətçilik strategiyasının elementləridir. Bu siyasətin davamlılığı siyasi məsuliyyətin institusional səviyyədə təmin edilməsini tələb edir.
YAP-ın məsuliyyəti də məhz bu məqamda daha aydın görünür. Azərbaycanın aparıcı siyasi təşkilatı kimi YAP dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılmasında, ictimai dəstəyin möhkəmləndirilməsində və vətəndaşlarla siyasi dialoqun inkişafında fəal rol oynamalıdır. Partiyanın hər bir üzvü öz fəaliyyətində dövlətçilik maraqlarını, qanunun aliliyini və ictimai məsuliyyəti əsas götürməlidir.
Siyasi məsuliyyət həm də yeni dövrün çağırışlarını düzgün qiymətləndirmək qabiliyyətidir. Geosiyasi rəqabətin artması, informasiya müharibələri, iqtisadi dəyişikliklər və texnoloji inqilab siyasi təşkilatlardan çevik düşüncə tələb edir. YAP ənənəvi siyasi təcrübəni qorumaqla yanaşı, yeni nəsil siyasi kommunikasiya və təşkilatlanma metodlarını mənimsəməlidir.
YAP VIII Qurultayı siyasi məsuliyyətin növbəti mərhələsi üçün mühüm istiqamətləri müəyyənləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında duran strateji hədəflər böyük siyasi iradə və ictimai dəstək tələb edir. Bu prosesdə YAP-ın əsas vəzifəsi yalnız mövcud siyasi kursu müdafiə etmək deyil, həm də onun gələcək nəsillər üçün davamlı dövlətçilik modelinə çevrilməsinə töhfə verməkdir.
Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



