GündəmSiyasət

YAP-ın VIII Qurultayının hədəfləri və ideoloji fəaliyyətin əsas istiqamətləri müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və gənclərin ideoloji tərbiyəsinə həsr olunmuş görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov qurultayda müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsində ideoloji fəaliyyətin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərinin gənclərə çatdırılmasının, milli maraqların qorunmasının və dövlətçilik ideyalarının təbliğinin vacibliyini vurğulayıb. Həmçinin təhsil müəssisələrində gənclərin maarifləndirilməsi və onların ictimai fəallığının artırılmasının əhəmiyyətini qeyd edib.

UNEC nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil və gənclər siyasətinin əhəmiyyətindən danışıb. O, dövlət başçısının gənclərin hərtərəfli inkişafına, onların bilikli, bacarıqlı və vətənpərvər vətəndaşlar kimi yetişməsinə göstərdiyi diqqətin təhsil müəssisələri qarşısında mühüm vəzifələr müəyyən etdiyini bildirib. Həmçinin YAP-ın VIII Qurultayında səsləndirilən çağırışların gənclərin dövlətçilik prinsiplərinə sədaqət, milli-mənəvi dəyərlərə hörmət və ölkənin gələcəyinə məsuliyyət hissi ruhunda tərbiyəsində mühüm istiqamət olduğunu vurğulayıb.

Digər iştirakçılar da çıxışlarında ideoloji maarifləndirmənin gücləndirilməsi, gənclərin milli dəyərlər əsasında tərbiyəsi və dövlətçilik prinsiplərinin təbliği ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası, ideoloji işin səmərəliliyinin artırılması və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button