Analitika

Vətənə və xalqa sadiq Ulu Öndər

Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir.

1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Heydər Əliyev milli dövlətçiliyimizin inkişaf konsepsiyasını yaratdı. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button