AnalitikaGündəmSiyasət

Tarixi etimaddan strateji tərəfdaşlığa

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin mövcud vəziyyətini, gələcək inkişaf istiqamətlərini və ölkəmizin Cənub-Şərqi Asiya regionunda artan iqtisadi-siyasi maraqlarını əks etdirir. Artıq coğrafi uzaqlıq ölkələrin yaxınlaşmasına mane olmur. Bakı ilə Hanoy arasındakı münasibətlər ənənəvi dostluq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Fikrimcə, bu münasibətlərin əsas üstünlüklərindən biri onların möhkəm tarixi təmələ söykənməsidir. Söhbət yenicə yaranmış siyasi yaxınlaşmadan getmir. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ölkələrimiz arasında bu gün də davam edən etimadın formalaşmasına mühüm töhfə vermişdir. Sovet dövründə 5 minə yaxın vyetnamlı gəncin Azərbaycanda təhsil alması isə xalqlarımız arasında səmimi və möhkəm bağların yaranmasına şərait yaratmışdır. Bu gün həmin şəxslər Vyetnamın müxtəlif sahələrində fəaliyyət göstərərək iki ölkə arasında canlı körpü rolunu oynayırlar. Hazırda tarixi dostluğumuz tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ötən ilin may ayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın ölkəmizə səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərimizin inkişafında mühüm hadisə olmuşdur. Bu sənəd siyasi və diplomatik əlaqələrlə yanaşı, müdafiə sənayesi, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. İqtisadi baxımdan da Azərbaycan–Vyetnam əməkdaşlığının böyük potensialı mövcuddur. 2025-ci ilin yekunlarına görə, ölkələrimiz arasında ticarət dövriyyəsi 150 milyon dollardan çox olmuşdur. Vyetnamın sürətlə inkişaf edən istehsal gücünü, Azərbaycanın isə enerji və investisiya imkanlarını nəzərə alsaq, bu göstəricinin daha da artması üçün geniş perspektivlər vardır. SOCAR ilə “PetroVietnam” arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının birgə kəşfiyyatı və mütəxəssis hazırlığı baxımından yeni imkanlar açır. Diqqətçəkən məqamlardan biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafıdır. Azərbaycanın Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları üzərində yerləşməsi Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması üçün əlverişli imkanlar yaradır. 2026-cı ilin ilk doqquz ayında Vyetnam istiqamətində tranzit daşımalarının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu əməkdaşlığın real nəticələrini göstərir. Təbii ki, əməkdaşlığın davamlı inkişafı üçün xalqlar arasında əlaqələrin də möhkəmləndirilməsi vacibdir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və sosial layihələr, eləcə də universitetlərarası proqramlar dövlətlərarası münasibətlərin humanitar müstəvidə inkişafına xidmət edir. Bu gün Vyetnam sürətlə inkişaf edən iqtisadiyyata və geniş istehsal imkanlarına malikdir. Azərbaycan isə əlverişli coğrafi mövqeyi, enerji resursları, nəqliyyat infrastrukturu və investisiya imkanları ilə bu əməkdaşlıqda mühüm tərəfdaş kimi çıxış edir. Mövcud siyasi iradəni konkret investisiya layihələrinə, qarşılıqlı ticarətin artımına və uzunmüddətli iqtisadi nəticələrə çevirmək əsas prioritetlərdəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya regionuna xüsusi diqqət yetirildiyini göstərir. Tarixi dostluğumuz və qarşılıqlı siyasi etimadımız gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İndi əsas məqsəd bu potensialı daha böyük investisiyalara, artan ticarət dövriyyəsinə və qarşılıqlı iqtisadi uğurlara çevirməkdir.

Bu istiqamətdə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına və xalqımıza uğurlar arzulayırıq!

Sevinc Həsənova,    
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu PHŞ-nin Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri YAP Yasamal rayon ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button