
Tarix səhifələri xalqların taleyində silinməz izlər qoyan, onların varlığını və gələcəyini müəyyən edən mühüm hadisələrlə zəngindir. Lakin elə mərhələlər var ki, onlar adi bir təqvim səhifəsi deyil, bütöv bir millətin tapdanmış qürurunun bərpası, ləyaqətinin təntənəsi və sarsılmaz iradəsinin zəfəridir. Azərbaycan xalqı üçün 8 Noyabr Zəfər Günü məhz belə bir zirvədir. Bu tarix təkcə 30 illik həsrətə, torpaq nisgilinə və ədalətsizliyə son qoymadı; o, xalqımızın milli yaddaşını dirçəltdi, dövlətçilik gücümüzü bütün dünyaya sübut etdi və əbədiyyətə qədər yaşayacaq bənzərsiz bir qəhrəmanlıq dastanı yaratdı.Bu böyük dastanın hər sətri qanla, canla, fədakarlıqla və polad qətiyyətlə yazılmışdır. Zəfərə gedən yol heç də asan və təsadüfi olmamış, onilliklər boyu hesablanmış strateji səbrin, güclü siyasi iradənin və xalqın birliyinin nəticəsi olmuşdur.Qələbənin əzəmətini tam dərk etmək üçün, ilk növbədə, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin düşdüyü dərin böhranı və Birinci Qarabağ müharibəsinin acı nəticələrini xatırlamaq lazımdır. Alınmaz qala olan Şuşanın və strateji mövqedə olan Laçın şəhərinin faktiki olaraq xəyanətlə təslim edilməsi nəticəsində torpaqlarımız bir-bir işğal altına düşdü, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. O illərdə cəbhədə torpaqlar əldən gedərkən paytaxtda hakimiyyət çəkişmələri gedir, ordu daxilində nizam-intizamsızlıq hökm sürürdü. Həmin məğlubiyyət xalqımızın mənəviyyatına ağır zərbə vurmuş, uzun illər boyu çiynimizdə daşımalı olduğumuz ağır bir yükə çevrilmişdi.İşğal illərində beynəlxalq təşkilatlar, böyük güclər və vasitəçilər ardıcıl olaraq Azərbaycan cəmiyyətini bu acı reallıqla barışdırmağa çalışırdılar. Dünyanın hər yerindən səslənən “bu münaqişənin hərbi həlli yoxdur” tezisi əslində statusun əbədiləşdirilməsi, Azərbaycanın öz tarixi torpaqlarından əlini üzməsi üçün formalaşdırılmış ideoloji siyasət idi. Danışıqlar masasında imitasiya yaradılaraq məsələnin dondurulmasına cəhd edilirdi. Bəzi xarici havadarlar və beynəlxalq media resursları isə təcavüzkarla qurbanın yerini dəyişərək Azərbaycanı haqsız çıxarmağa, hətta işğala məruz qalan ölkəmizə qarşı əsassız sanksiyalar tətbiq etməyə çalışırdılar. Lakin Azərbaycan dövləti və xalqı bunu heç vaxt qəbul etmədi.
2003-cü ildən etibarən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji xətt bircə ali amala xidmət edirdi: torpaqlarımızı işğaldan azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək və düşməni diz çökdürmək. Bu məqsədə çatmaq üçün ölkədə dörd əsas istiqamətdə möhkəm bünövrə yaradıldı.
Müstəqilliyin ilk illərindəki ağır iqtisadi vəziyyət aradan qaldırıldı. Dövlət büdcəsinin xərclərində hərbi xərclər daima birinci yerə qoyuldu.
Beynəlxalq hüquqi bazanın yaradılması və informasiya cəbhəsi. Diplomatik sahədə aparılan ardıcıl və məqsədyönlü mübarizə nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının sənədlərində Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi. 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurlu sədrlik və İslam dünyası ilə qurulan sıx əlaqələr Ermənistanın işğalçı simasını tam ifşa etdi, onu beynəlxalq diplomatik dəstəkdən məhrum buraxdı. Qələbənin ən mühüm amillərindən biri insan faktoru idi. İşğal dövründə doğulub boya-başa çatan, Qarabağı və Şərqi Zəngəzuru yalnız kitablardan, fotolardan, böyüklərin nisgilli xatirələrindən tanıyan elə bir gənc nəsil yetişdirildi ki, onlar torpaq uğrunda tərəddüd etmədən canından keçməyə hazır idilər. Eyni zamanda, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri vahid ailə kimi birləşdi,cəmiyyətdə vəhdət və xalq-iqtidar birliyi yarandı.
Müasir və güclü ordu. Ən müasir silah-sursat, yüksək dəqiqlikli texnologiyalar və dron sistemləri ilə təchiz edilmiş, xüsusi təyinatlı qüvvələrin peşəkarlığına əsaslanan qüdrətli Azərbaycan Ordusu quruldu.2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatı başlayanda Azərbaycan Ordusu tarix yazmağa start verdi. Dünya hərb praktikasında görünməmiş dərəcədə çətin, düşmən tərəfindən 30 il ərzində dərin eşelonlu istehkamlarla, beton sədlərlə möhkəmləndirilmiş mürəkkəb dağlıq relyefdə Azərbaycan əsgəri 44 gün boyunca yalnız bir istiqamətdə — irəli getdi.Hərb tarixində relyef və hava şəraitinə görə müəyyən manevrlər, taktiki geri çəkilmələr təbii hal sayılsa da, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bircə addım da geri çəkilmədi.Bu müharibə iki ordunun təkcə texnoloji deyil, ilk növbədə mənəvi fərqini ortaya qoydu. Ermənistan tərəfinin rəsmi etiraflarına görə, onların ordusunda 10 mindən çox fərari olduğu halda, Azərbaycan Silahlı Qüvvələrində bircə nəfər də olsun fərari olmadı. “Öldü var, döndü yoxdur!” şüarı ilə hücuma keçən yaralı əsgərlərimiz belə xəstəxanalardanqaçaraq yenidən ön cəbhəyə, silah yoldaşlarının yanına can atırdılar.Müharibənin əvvəlindən hər kəs bilirdi ki, Şuşasız bizim qələbəmiz yarımçıq olar. Şuşa təkcə strateji yüksəklik və Qarabağın tacı deyildi; o, Azərbaycan xalqının qəlbi, ruhu və milli kimliyinin müqəddəs simvolu idi. Şuşanın azadlığı düşmənin hərbi-siyasi onurğa sütununu sındıracaq əsas hədəf idi.Noyabrın ilk günlərində həyata keçirilən Şuşa əməliyyatı hərb elmində tayı-bərabəri olmayan bir qəhrəmanlıq dastanı kimi tarixə düşdü. Ağır texnikanın keçə bilmədiyi sıldırım qayalıqları, dərələri, qalın meşələri günlərlə piyada qət edən xüsusi təyinatlılarımız bu gün “Zəfər yolu” adlandırdığımız çətin marşrutla Şuşaya yaxınlaşdılar.Noyabrın 8-də Şuşada üçrəngli bayrağımızın ucaldılması düşmənin bütün müqavimətini qırdı, onları kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Zəfərdən doğan reallıq.
Qələbədən sonrakı dövr göstərdi ki, Azərbaycan təkcə döyüş meydanında deyil, bərpa və quruculuq cəbhəsində də misilsiz qətiyyətə malikdir. Müharibənin başa çatmasından ötən illər ərzində azad edilmiş torpaqlarda həyata keçirilən nəhəng infrastruktur layihələri — Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları, yüzlərlə kilometr avtomobil və dəmir yolları, «Ağıllı kənd» və «Ağıllı şəhər» konsepsiyaları regiona yenidən həyat gətirir. «Böyük Qayıdış» proqramı çərçivəsində illərlə didərgin düşmüş soydaşlarımız öz doğma yurdlarına başıdik qayıdırlar. Azərbaycan Ordusu bu gün 2020-ci ildəkindən daha güclüdür. Silahlı Qüvvələrimiz strateji yüksəkliklərdə möhkəmlənərək istənilən yeni təhdidi yerindəcə neytrallaşdırmağa qadirdir.Zəfər Günü sadəcə keçmişin xatirəsi deyil; o, gələcək nəsillərə ötürülən tükənməz güc mənbəyi, milli qürur andıdır. Biz bu gün beynəlxalq arenada üzüağ, alnıaçıq, qalib dövlət kimi sözümüzü deyirik. Bu əzəməti, bu qüruru bizə bəxş edən canlarını vətən yolunda fəda etmiş qəhrəman Şəhid qardaşlarımız , sağlamlığını itirmiş Qazilərimiz və cəbhədə fədakarlıqla vuruşmuş müzəffər hərbçilərimizdir. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, bu şanlı dastanın izləri isə min illər boyu Qarabağın və bütöv Azərbaycanın hər qarışında qorunacaqdır.Allah Vətən uğrunda canını fəda edən bütün Şəhidlərimizə rəhmət eləsin,Qazilərimizə can sağlığı versin!
Sevinc Həsənova,
Elm və Təhsil Nazirliyi Kimya İnstitutu PHŞ Strateji inkişaf,qiymətləndirmə və monotorinq sektor müdiri YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri Doktorant ,müəllim



