AnalitikaGündəmSiyasət

Sülhə, ədalətə və ortaq gələcəyə doğru

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşısında dayanan əsas vəzifələrdən biri milli maraqları qorumaqla yanaşı, qlobal təhlükəsizliyin və ədalətli dünya nizamının təmin edilməsinə töhfə verməkdir. Bu gün beynəlxalq hüququn norma və prinsiplərinə münasibət, qəbul olunmuş qərarların icrası, dövlətlərin suverenliyinə hörmət və iqtisadi dayanıqlılıq məsələləri xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı bu məsələlərə Azərbaycanın prinsipial yanaşmasını və ölkəmizin beynəlxalq mövqeyini aydın şəkildə ortaya qoydu. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyi yalnız mədəniyyətlər arasında münasibətlərlə məhdudlaşmır; o, fərqli mövqelərə malik tərəflərin bir-birini dinləməsi və ortaq həll imkanlarını araşdırması üçün də mühüm məkan yaradır. Dünyamız ciddi böhran dövrü yaşayır: silahlı münaqişələr davam edir, böyük dövlətlər arasındakı ziddiyyətlər kəskinləşir, yeni qarşıdurmalar təhlükəsi qalmaqdadır. Məqsəd yalnız, hazırkı  problemləri,  bugünkü dünya siyasətinin gündəliyini deyil, həm də  sabah dünyanın necə olacağını müzakirə etmək, təkliflər verməkdir. Bu da səbəbsiz deyil. Son illərdə Bakı strateji problemlərin müzakirə olunduğu, onların həlli yollarının işlənib hazırlandığı və dövlətlər arasında yeni əlaqələrin qurulduğu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi öz nüfuzunu möhkəmləndirmişdir.

Ümumdünya Mədəniyyətlarası Dialoq Forumu Azərbaycanın dini, milli və ya mədəni mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və əməkdaşlıq ideyasını ardıcıl olaraq irəli sürüdüyü daha geniş beynəlxalq təşəbbüsünün  bir hissəsidir. Belə  bir tədbirin  respublikamızda keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə dövlətimizin siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azərbaycanın mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu dünyaya tanıdır. Azərbaycan diplomatiyasının mühüm xüsusiyyəti də məhz bundan ibarətdir: ölkəmiz təkcə beynəlxalq proseslərin iştirakçısı deyil, həm də müxtəlif dövlətlərin nümayəndələrinin hətta dərin siyasi fikir ayrılıqları şəraitində belə dialoq apara biləcəyi bir meydan kimi çıxış etməyə çalışır.

Azərbaycanın təcrübəsi beynəlxalq hüququn və ərazi bütövlüyü prinsipinin əhəmiyyətini aydın şəkildə göstərir. Ölkəmiz uzun illər ərazilərinin işğalı, tarixi və mədəni irsinin dağıdılması, humanitar problemlər kimi ağır sınaqlarla üzləşib. Bu dövrdə beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqinin nə qədər vacib olduğu bir daha üzə çıxıb. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası dövlətimizin siyasi iradəsinin, xalqımızın birliyinin və güclü dövlətçilik strategiyasının nəticəsidir. Bu təcrübə onu göstərir ki, beynəlxalq münasibətlərdə davamlı sülhün təmin edilməsi üçün ədalət, qarşılıqlı hörmət və hüquqi məsuliyyət əsas götürülməlidir.

Samir Hüseynov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button