
“12 Noyabr – Konstitusiya Günü müstəqil Azərbaycan dövlətçiliyinin tarixində mühüm yer tutan, xalqımızın azadlıq iradəsini, milli suverenliyini və hüquqi dövlət quruculuğu prinsiplərini özündə əks etdirən əlamətdar gündür. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirərək ölkəmizin gələcək inkişaf istiqamətlərini formalaşdırdı. Bu tarixi sənədin hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin ən mühüm nailiyyətlərindən biri oldu. Ulu Öndər güclü dövlətin möhkəm hüquqi təməl üzərində qurulmasının vacibliyini əsas götürərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirdi. Konstitusiya xalq hakimiyyəti, dövlət müstəqilliyi, insan hüquq və azadlıqları, qanunun aliliyi və milli həmrəylik kimi fundamental dəyərləri təsbit edərək Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin əsasını qoydu”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz siyasi, iqtisadi və hərbi qüdrətini artıraraq regionun aparıcı dövlətlərindən birinə çevrilib. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası Konstitusiyanın əsas prinsiplərindən olan ərazi bütövlüyü və dövlət müstəqilliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Bu nailiyyətlər Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsidir. Bu gün suverenliyini öz ərazisinin hər qarışında təmin edən Azərbaycan müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və gələcəyini özü müəyyənləşdirən güclü dövlətdir.
“Konstitusiyanın mahiyyətində dayanan əsas dəyərlərdən biri xalqın dövlət hakimiyyətinin mənbəyi olmasıdır. İnsan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, vətəndaşların bərabərliyi, siyasi və ictimai sabitlik hüquqi dövlətin əsas göstəriciləridir. Bu prinsiplərin qorunması hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur. Dövlətə sədaqət, qanunlara hörmət, milli-mənəvi dəyərlərə bağlılıq və ictimai həmrəylik güclü cəmiyyətin formalaşmasının vacib şərtləridir. Azərbaycanın Vətən müharibəsi zamanı nümayiş etdirdiyi xalq-ordu birliyi milli həmrəyliyin hansı böyük gücə malik olduğunu bütün dünyaya göstərdi. Bu gün həmin birlik azad edilmiş ərazilərin bərpasında, Böyük Qayıdışın həyata keçirilməsində və ölkəmizin gələcək inkişafında öz ifadəsini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi suveren Azərbaycanın yeni inkişaf mərhələsini səciyyələndirir. Bütün bu proseslərin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik idealları və Konstitusiyanın fundamental prinsipləri dayanır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu baxımdan, Konstitusiya Günü hər birimiz üçün dövlət müstəqilliyimizin dəyərini, hüquqi məsuliyyətimizi və milli birliyimizin əhəmiyyətini bir daha dərk etmək baxımından xüsusi məna daşıyır. Konstitusiyaya hörmət dövlətə hörmətin, qanunlara əməl etmək isə vətəndaş məsuliyyətinin mühüm göstəricisidir.
Onun sözlərinə görə, bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinə söykənərək Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren, qüdrətli və gələcəyə inamla baxan dövlət quruculuğunu davam etdirir. Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, suverenliyimizin sarsılmaz dayağı və milli birliyimizin ortaq təməlidir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur.



