
“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları katiblərinin Bakıda keçirilən toplantısındakı konseptual çıxışı təşkilatın transformasiya mərhələsinin yeni yol xəritəsini müəyyən edir. Bu çıxış TDT-nin artıq yalnız ortaq tarix, dil və mədəniyyət üzərində qurulan “yumşaq güc” platforması olmaqdan çıxaraq, qlobal siyasətdə, iqtisadiyyatda və təhlükəsizlik arxitekturasında həlledici qütblərdən birinə çevrilmək hədəfini nümayiş etdirir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində güc mərkəzləri yenidən formalaşır. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan enerji və nəqliyyat bağlantıları məsələsi Türk dünyasının geostrateji əhəmiyyətinin təməl sütunudur. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya resurslarının beynəlxalq bazarlara çıxarılması TDT məkanını qlobal təchizat zəncirinin ən etibarlı halqalarından birinə çevirir. Ənənəvi tranzit marşrutlarının böhran yaşadığı hazırkı dövrdə Türk dövlətlərinin vahid lojistik və enerji şəbəkəsi kimi çıxış etməsi təşkilata üzv ölkələrin qlobal aktora çevrilməsini sürətləndirir. TDT dövlətləri arasında yaradılan birgə investisiya fondları bu iqtisadi inteqrasiyanın dönməz xarakter aldığını və ikitərəfli əlaqələrin artıq çoxşaxəli institusional mexanizmə çevrildiyini təsdiqləyir.
“Qlobal nizamın sarsıldığı, münaqişələrin sərhədləri aşaraq genişləndiyi bir dövrdə TDT məkanında sabitliyin qorunub saxlanması məqsədyönlü strategiyanın nəticəsidir. Azərbaycanın həm şimal, həm də cənub qonşularının aktiv müharibə iştirakçısı olması fonunda səsləndirilən “arxayınlaşmamaq” xəbərdarlığı, regional təhlükəsizlik konsepsiyasının yenidən işlənməsi zərurətini ortaya qoyur. Kəşfiyyat məlumatlarının operativ mübadiləsi, dövlət təhlükəsizliyi qurumlarının sinxron fəaliyyəti təşkilatı potensial hərbi və terror təhdidlərinə qarşı vahid müdafiə çətiri ilə təmin edir”.
Rəşadət Xalıqov əlavə edib ki, təhlükəsizlik anlayışının yalnız fiziki sərhədlərlə ölçülmədiyi müasir dövrdə ən böyük zərbələr informasiya məkanı və ideoloji mərkəzlər üzərindən vurulur. Prezident İlham Əliyevin çıxışında kənar mərkəzlərdən maliyyələşən marjinal media strukturlarının ictimai həmrəyliyi pozmaq cəhdlərinə qarşı aparılan mübarizə xüsusi qeyd olunur. Qlobal güclərin “parçala və idarə et” prinsipi ilə milli özünüdərki, ənənəvi dəyərləri hədəf alması milli dövlətçiliyə birbaşa təhdiddir. TDT çərçivəsində gənclər siyasətinin prioritetə çevrilməsi, gənc nəslin yad narrativlərə qarşı immunitetinin gücləndirilməsi dövlətin varlığını qorumaq üçün strateji müdafiə xəttidir.
Onun sözlərinə görə, cəmi üç onillik əvvəl müstəqilliklərini bərpa etmiş bu ölkələrin qısa zaman kəsiyində qlobal təhlükəsizlik, enerji marşrutları və iqtisadi inkişaf mərkəzinə çevrilməsi tarixi nailiyyətdir. Gələcək hədəf TDT-nin birgə siyasi iradə və möhkəm təhlükəsizlik arxitekturası sayəsində beynəlxalq münasibətlər sisteminin ən həlledici, qərarverici təsisatlarından biri kimi yerini möhkəmləndirməsidir.


