AnalitikaGündəmSiyasət

21 Noyabr 1992-ci il: Yeni Azərbaycan Partiyasının təsis olunması – Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi müstəqil Azərbaycanın siyasi tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdır. Həmin dövr ölkəmiz üçün mürəkkəb ictimai-siyasi proseslərin, ciddi sınaqların və dövlətçilik qarşısında mühüm çağırışların mövcud olduğu bir zaman idi. Belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi həyatında yeni təşkilatlanma mərhələsinin əsasını qoymuşdur. Azərbaycanın müstəqilliyinin ilk illərində dövlət idarəçiliyində yaşanan çətinliklər, siyasi qeyri-sabitlik, iqtisadi problemlər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü cəmiyyətin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaratmışdı. Xalq ölkənin müstəqilliyinin qorunmasını, dövlətçiliyin möhkəmləndirilməsini, milli maraqların müdafiəsini və sabit inkişafın təmin olunmasını vacib hesab edirdi. Məhz belə bir tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü meydana gəlmişdir. 1992-ci il oktyabrın 16-da Azərbaycanın müxtəlif bölgələrindən olan 91 nəfər ziyalının Heydər Əliyevə müraciəti və onun 24 oktyabr tarixli cavabı partiyanın yaradılması prosesində mühüm mərhələ olmuşdur. Bu müraciət ölkənin siyasi həyatında yeni bir təşkilatlanmaya ehtiyacın ifadəsi idi. Ulu öndər Heydər Əliyevin müraciətə müsbət cavabı isə Yeni Azərbaycan Partiyasının təsis edilməsi istiqamətində konkret addımların atılmasına zəmin yaratmışdır. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edilmişdir. Konfransda partiyanın Proqram və Nizamnaməsi təsdiq olunmuş, Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Beləliklə, ölkənin siyasi həyatında yeni bir təşkilatın fəaliyyəti rəsmən başlanmışdır. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixində təşkilatlanma, milli həmrəylik və dövlətçilik prinsiplərinin inkişafı baxımından mühüm mərhələ olmuşdur. Partiyanın əsas məqsədləri sırasında Azərbaycanın dövlət müstəqilliyinin qorunması, demokratik hüquqi dövlət quruculuğunun dəstəklənməsi, ölkənin sosial-iqtisadi inkişafına töhfə verilməsi və milli maraqların müdafiəsi dayanırdı. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə dövlət quruculuğu, siyasi sabitliyin təmin olunması və iqtisadi inkişaf istiqamətində mühüm proseslər başlanmışdır. Yeni Azərbaycan Partiyası da bu dövrdən etibarən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan siyasi təşkilatlardan birinə çevrilmişdir. 2003-cü ildən etibarən Möhtərəm Prezident, Partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir dövrün çağırışlarına uyğun olaraq partiyanın təşkilati strukturu, gənclərlə iş istiqamətləri və ictimai-siyasi fəaliyyəti genişlənmişdir. Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında fəaliyyət göstərən aparıcı siyasi təşkilatlardan biridir. Xüsusilə gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, dövlətçilik ənənələrinə bağlılıq, milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi partiyanın fəaliyyət istiqamətləri sırasında mühüm yer tutur. Gənclərin təşəbbüslərinin dəstəklənməsi, onların idarəçilik və ictimai fəaliyyət sahələrində təmsil olunması gələcək inkişaf baxımından əhəmiyyətlidir. Bir gənc kimi inanıram ki, Yeni Azərbaycan Partiyasının yaranma tarixini öyrənmək, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini araşdırmaq və müasir Azərbaycanın inkişaf mərhələlərini dərk etmək hər bir gənc üçün vacibdir. Çünki dövlətçilik yalnız tarixi hadisələri xatırlamaq deyil, həm də həmin tarixi təcrübədən nəticə çıxararaq ölkənin gələcəyinə məsuliyyətlə yanaşmadır. Əminəm ki, biz gənclər bundan sonra da ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin qorunmasında, milli maraqların müdafiəsində və ictimai həyatın müxtəlif sahələrində fəal iştirak edəcəyik.

21 Noyabr – Yeni Azərbaycan Partiyasının yaranma günü münasibətilə bütün Yeni Azərbaycan Partiyasının üzvlərini təbrik edirəm!

Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button