AnalitikaGündəmSiyasət
Trend

Rəşadət Xalıqov: Azərbaycan Respublikası və Çex Respublikası gələcəyə hesablanmış, etibarlı əməkdaşlıq yolunda qətiyyətlə irəliləyirlər

“2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını nümayiş etdirir. Prezident İlham Əliyevin dəvəti ilə baş tutan bu rəsmi səfər çərçivəsində tərəflər arasında ilk və çox məhsuldar görüş keçirilmişdir. Yüksək səviyyəli görüşlər zamanı regional və qlobal xarakter daşıyan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Dövlət başçısı ölkələr arasında hazırda çox fəal siyasi dialoqun mövcud olduğunu xüsusi vurğulamışdır. Beləliklə, bu gün Çexiya-Azərbaycan dostluğu və əməkdaşlığı öz təsdiqini bir daha tapır, iki ölkənin qarşısında çox gözəl perspektivlər açılır”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, siyasi dialoqla yanaşı, iqtisadi sahədə görüləcək işlərlə bağlı artıq konkret təkliflər mövcuddur. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir. Hazırda ölkələr arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq 800 milyon dollardan çoxdur. Buna baxmayaraq, ticarət dövriyyəsinin strukturunda əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Buna görə də Azərbaycan tərəfi ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayır, bu istiqamətdə ticarət həcminin daha da yüksək səviyyəyə qaldırılmasına böyük ümidlər bəsləyir. Səfər çərçivəsində Çexiyadan böyük bir iş adamları qrupunun gəlməsi və keçirilən biznes-forum həm yeni təmasların qurulmasına, həm də mövcud layihələrin müzakirəsinə geniş imkanlar yaradır. Bütün bu iqtisadi proseslərin məntiqi davamı olaraq, Hökumətlərarası Komissiyanın da tezliklə yenidən görüşməsi və tədbir keçirməsi barədə fikir mübadiləsi aparılmışdır.

“Şübhəsiz ki, iki dövlət arasında əməkdaşlığın böyük hissəsi energetika sektorunun payına düşür. Çexiyaya ixrac edilən Azərbaycan nefti bu ölkənin enerji balansında önəmli yer tutur və hər iki dövlət uzun illər ərzində etibarlı tərəfdaşlar kimi çıxış edir. Avropa İttifaqı da Azərbaycanı dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkə və tərəfdaş kimi qiymətləndirir. Hazırda Azərbaycan qazı 10-u Avropa İttifaqı üzvü olmaqla, ümumilikdə 16 ölkəyə ixrac edilir. Eyni zamanda, ölkəmiz Çexiyaya qonşu olan dövlətlərə də təbii qaz ixracını həyata keçirir. Bu reallıqlar fonunda tərəflər müzakirələr aparmış və təbii qaz sahəsində gələcək əməkdaşlıq haqqında qərara gəlmişlər”.

O əlavə edib ki, ölkələrimiz arasında digər mühüm və strateji əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Çexiya ilə uzun müddət ərzində uğurlu əməkdaşlıq aparan Azərbaycan bu ölkədən bir çox hərbi təyinatlı məhsullar alır. Hazırkı mərhələdə isə sadəcə idxal deyil, birgə istehsalla bağlı konkret layihələr üzərində intensiv danışıqlar gedir. Azərbaycan öz müdafiə potensialını həm də yerli istehsal hesabına təmin etdiyi üçün bu sahədə böyük təcrübəyə malik Çexiya ilə müştərək işlər xüsusi önəm daşıyır və bu sahənin genişmiqyaslı olacağına əminlik var. Tərəflər həmçinin bir çox digər sahələr ətrafında da fikir mübadiləsi apararaq, münasibətlərin çoxşaxəli inkişafında maraqlı olduqlarını bəyan etmişlər. İkitərəfli münasibətlərin bu cür hərtərəfli inkişafı göstərir ki, Azərbaycan Respublikası və Çex Respublikası gələcəyə hesablanmış, etibarlı əməkdaşlıq yolunda qətiyyətlə irəliləyirlər.

Oxşar Xəbərlər

Back to top button