AnalitikaGündəmSiyasət

Kəlbəcər – Zəfərimizin növbəti qürur səhifəsi

Azərbaycanın hər bir guşəsinin özünəməxsus gözəlliyi, zəngin təbiəti, tarixi, coğrafiyası və mədəniyyəti vardır. Lakin düşmən məhz Vətənimizin zəngin təbii sərvətləri, strateji mövqeyi və mədəni irsi ilə seçilən torpaqlarını hədəfə almışdır. Kəlbəcər də bu torpaqlar sırasında xüsusi yeri olan, məftunedici gözəlliyi və zəngin sərvətləri ilə seçilən doğma diyarlarımızdan biridir.

Kəlbəcərin tarixi-mədəni irsinə nəzər saldıqda Alagöl, Qaragöl, Zalxagöl, Ayıçınqılı və Pəriçınqılı ərazilərində minlərlə qayaüstü rəsm nümunəsinin aşkarlandığını görürük. Bu rəsmlərdə insanların həyat tərzi, məşğuliyyəti, ibtidai ovçuluq və təsərrüfat fəaliyyəti öz əksini tapmışdır. Qafqaz Albaniyası dövrünün memarlıq nümunələrindən olan Xudavəng məbəd kompleksi də xalqımızın qədim mədəniyyətinin və memarlıq ənənələrinin mühüm göstəricilərindəndir. Müxtəlif qəbirüstü abidələr, qədim qalalar və yaşayış məskənləri də Kəlbəcərin zəngin tarixi irsini tamamlayır. Təbiətin bu diyara bəxş etdiyi füsunkar gözəlliklər isə onun əvəzsiz sərvətidir. Xüsusilə məşhur İstisu mineral bulaqları Kəlbəcəri ölkə hüdudlarından kənarda da tanıtmışdır.

Təəssüf ki, uzun illər bu gözəlliklərə həsrət qalmışdıq. Belə ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan tərəfindən işğal edildi. Doğma diyarımız ağır dağıntılara, itkilərə, talanlara və tarixi-mədəni irsimizin məhv edilməsi təhlükəsinə məruz qaldı. 2020-ci il noyabrın 25-də isə Kəlbəcərin Azərbaycana qaytarılması tariximizdə yeni bir başlanğıc oldu. Zəfərimizin davamı olaraq reallaşan bu hadisə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və Azərbaycan Ordusunun sarsılmaz qüdrətinin növbəti təcəssümü idi.

Bu gün yeni inkişaf mərhələsini yaşayan Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bütün bunlar Böyük Qayıdışın real təzahürüdür. Artıq burada həyat yenidən canlanır, uzun illər davam edən sükutu quruculuq işlərinin səsi və doğma yurda qayıdan insanların sevinci əvəz edir.

25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi qeyd edilməsi milli kimliyimizin, tariximizin və əzəli torpaqlarımıza qayıdışımızın təntənəsidir. Bu tarixi qələbəni yaşamaq və onun şahidi olmaq xalqımız üçün böyük qürur mənbəyidir.

Artıq Kəlbəcəri tanımaq və öyrənmək üçün yalnız kitabların səhifələrini vərəqləməyə ehtiyac yoxdur. Düşmən tapdağından azad edilmiş doğma diyarımızın təmiz havasını udaraq, açıq səma altında onun canlı tarix muzeyini öz gözlərimizlə seyr edə bilərik. Kəlbəcər keçmişimizdən gələn tarixi yaddaşımız, bu günümüzün və gələcəyimizin qürur mənbəyidir. Onun hər daşında, hər qayasında Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq salnaməsi yaşayır. Torpaqlarımızın azadlığına öz canları ilə yol açan qəhrəmanlarımızın əziz xatirəsi qarşısında baş əyirik.

Kəlbəcər Şəhəri Gününüz mübarək olsun! Zəfərimizin qürurunu daim yaşadaq!

Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button