
“Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri Ukrayna ilə Azərbaycan arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu münasibətlər xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda yeni geosiyasi kontekst qazanır”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, tarixi olaraq Azərbaycan və Ukrayna postsovet məkanında oxşar təhlükəsizlik çağırışları ilə üzləşib, ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyib: “Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlıq regional sabitlik və iqtisadi inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Ukrayna ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət, suverenliyin tanınması və ortaq maraqlar əsasında formalaşıb. Hər iki ölkə həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Ukrayna və Azərbaycan arasında siyasi əlaqələr dostluq və tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilir. Bu əməkdaşlıq iki ölkənin beynəlxalq arenada mövqelərinin güclənməsinə xidmət edir”.
“İqtisadi sahə Ukrayna-Azərbaycan münasibətlərində əsas istiqamətlərdən biridir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, müharibəyə qədərki dövrdə Azərbaycan Ukraynaya enerji resursları, xüsusilə neft və neft məhsulları ixrac edirdi: “Ukrayna isə kənd təsərrüfatı məhsulları ilə Azərbaycan bazarında fəal iştirak edirdi. Bununla yanaşı, nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusi önəm daşıyırdı. Qara dəniz və Xəzər dənizi vasitəsilə yükdaşımaların təşkili regional ticarətin inkişafına töhfə verirdi. Bu marşrutlar da Avropa ilə Asiya arasında alternativ ticarət yolları kimi strateji əhəmiyyət kəsb edirdi. Bu baxımdan enerji və nəqliyyat marşrutları sektorun Azərbaycan ilə Ukrayna arasındakı potensial əməkdaşlıq Avrasiya geosiyasətində mühüm yer tutur”.



