
Müasir dünyada cərəyan edən mürəkkəb geosiyasi geostrateji proseslər fonunda ideoloji təhlükəsizliyin qorunması məsələsi YAP VIII Qurultayında xüsusi diqqət mərkəzində olmuşdur. Tədbirdə vurğulanmışdır ki, fiziki sərhədlərin toxunulmazlığı ilə yanaşı, cəmiyyətin xarici ideoloji təsirlərdən və təxribatlardan qorunması da eyni dərəcədə strateji əhəmiyyət kəsb edir. YAP bu istiqamətdə dövlətçilik maraqlarının və milli dəyərlərin etibarlı qalxanı kimi fəaliyyət göstərir.
Prezident İlham Əliyev qurultaydakı çıxışında ideoloji risqlərə qarşı mübarizədə prinsipial mövqeyin vacibliyini qeyd etmişdir. Ölkəmizə qarşı yönələn dezinformasiya hücumlarının və siyasi təzyiq cəhdlərinin qarşısının alınmasında partiya fəallarının operativ və savadlı fəaliyyəti mühüm rol oynayır. Milli birliyin və monolit cəmiyyət yapısının qorunması ideoloji təhlükəsizliyimizin əsas şərtidir.
Gənc nəslin yad ideologiyaların təsirindən qorunması və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi partiyanın qarşısında duran başlıca vəzifələrdəndir. Qurultay materiallarında bu sahədə maarifləndirmə işlərinin miqyasının genişləndirilməsi və rəqəmsal platformalardan səmərəli istifadə olunması nəzərdə tutulur. Partiyanın gənclər siyasəti dövlətçilik təfəkkürünün möhkəmlənməsinə xidmət edir.
Milli həmrəyliyin gücləndirilməsi istiqamətində siyasi dialoqun və cəmiyyətdəki həmrəylik mühitinin dəstəklənməsi YAP-ın əsas fəaliyyət xətlərindəndir. Ərazi bütövlüyümüzün bərpası ilə neticələnən tarixi mərhələ xalq-iqtidar birliyini daha da sarsılmaz etmişdir. Bu birlik hər bir daxili və xarici təhdidin qarşısını almağa qadir olan ən böyük güc mənbəyimizdir.
Nəticə etibarilə, YAP VIII Qurultayı ideoloji sahədə yeni strategiyanın müəyyənləşdirilməsi ilə yadda qaldı. Partiya milli dəyərlərə, azərbaycançılıq məfkurəsinə və müstəqil dövlətçilik prinsipinə söykənərək cəmiyyəti gələcək hədəflərə doğru istiqamətləndirməyə davam edir. İdeoloji dayanqılıq Azərbaycanın uzunmüddətli inkişafının təminatçısıdır.
Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri



