27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi, Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən azadlığına qovuşdurulmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada da bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik…
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hələ ötən ilin avqustunda Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı bir çox açılışlar oldu, əhəmiyyətli layihələrin təməli qoyuldu. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı müstəsna əhəmiyyətli tunellərin təməlini qoyan İlham Əliyev 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasını işə saldı, uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinin gedişi ilə maraqlandı.
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı Kəlbəcərdə yeni yaradılmış Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında da vurğuladı ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. “1993-cü ilin aprelində itirdiyimiz Kəlbəcərdə bu gün Ordu gününü qürurla qeyd edirik” deyən möhtərəm Prezident onu da bildirdi ki, işğal dövründə müxtəlif variantlar müzakirə olunurdu, vasitəçilər tərəfindən bizə müxtəlif variantlar təklif edilirdi: “Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur”.
Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfər edərək “İstisu” sanatoriyasının təməlini öz əlləri ilə qoyan dövlət başçımız söylədi ki, “İstisu” sanatoriyası və “İstisu” mineral və müalicəvi suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi: “Bu gün biz – bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq”
Göründüyü kimi, işğal altındakı torpaqlarımızı cəmi 44 gün ərzində azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyev indi də qurucu lider, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin baş memarı kimi doğma yurdlarımızın bərpa olunması və tezliklə keçmiş məcburi köçkünlərin, o cümlədən Kəlbəcər elinin illərdir həsrətini çəkdiyi əzəli torpaqlarına qovuşdurulması üçün gecə-gündüz əzmlə çalışır. Cəmi iki il ərzində görülən bütün bu möcüzəvi işlər isə dövlətin gücünü, Prezidentin qətiyyətini, xalqımızın böyüklüyünü və Azərbaycan Ordusunun rəşadətini bir daha göstərir.
Mais Günəşli,
YAP-ın gənc fəalı.