Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcərdir. Kəlbəcər öz azadlığına qovuşub. Bu gün füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük qayıdış üçün mükəmməl layihələr gerçəkləşdirilir. Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız müasir tariximizdə böyük, qürurlu səhifə açdı. Kəlbəcər 27 illik işğaldan azad olundu. Öz həqiqi sahiblərinə qaytarıldı. Kəlbəcər indi azad bir Azərbaycan bölgəsidir. Azadlığına qovuşan bir gündən isə abadlığına aparan yolda yolculuğa çıxıb. Bu yolda isə qürur duyduğumuz anlarla qarşılaşırıq. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.
Azərbaycan dövlətinin çox güclü iradəsi, əzmi sayəsində qısa zamanda Kəlbəcərdə, ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərimizdə geniş quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib. Kəlbəcər şəhəri Gəncə şəhəri və Laçın arasında yerləşən regional məkan kimi nəzərdə tutulub və gələcəkdə şəhər növbəti urbanizasiya mərkəzinə çevriləcəkdir. Kəlbəcər şəhərinə nəqliyyat xətlərinin, dəmir yolunun çəkilməsi, həmçinin “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyalarından istifadə olunması planlaşdırılır. Kəlbəcər rayonu həm də Azərbaycanın ən füsunkar təbiətə malik diyarlarından biri, əsl cənnətməkandır. Rayon ərazisi 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə mübaliğəsiz təkrarolunmaz təbiət incisidir. Vaxtilə Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdi ki, Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur: “Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı