AnalitikaGündəmSiyasət

İnsan hüquqları Azərbaycan Konstitusiyasının əsas prioritetidir

Demokratik dövlətin mahiyyəti ilk növbədə insan hüquq və azadlıqlarına münasibəti ilə müəyyən olunur. Dövlət hakimiyyətinin legitimliyi, hüquqi institutların səmərəliliyi və ictimai etimadın möhkəmlənməsi vətəndaşların hüquqlarının real təminatından birbaşa asılıdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını dövlətin ali dəyərlərindən biri kimi müəyyən etməklə ölkədə hüquqi dövlət quruculuğunun fundamental əsaslarını yaradıb.

1995-ci il Konstitusiyasının hazırlanması zamanı beynəlxalq hüququn mütərəqqi prinsipləri və insan hüquqlarına dair əsas sənədlər nəzərə alınıb. Əsas Qanunun müvafiq bölməsində şəxsi toxunulmazlıq, bərabərlik, mülkiyyət, əmək, təhsil, sosial təminat, söz və fikir azadlığı kimi hüquqlar təsbit olunub. Bu hüquqların konstitusion səviyyədə tanınması dövlət orqanlarının fəaliyyətində insan amilinin əsas meyar kimi qəbul edilməsinə hüquqi zəmin yaradıb.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan hüquqi sistem insan hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Hüquqi institutların formalaşdırılması, məhkəmə sisteminin inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi bu istiqamətdə mühüm addımlar idi. Sonrakı illərdə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi və Azərbaycanın beynəlxalq hüquq sisteminə inteqrasiyası da insan hüquqlarının müdafiəsi sahəsində yeni imkanlar yaratdı.

Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı yalnız normativ müddəaların mövcudluğu ilə məhdudlaşmır. Bunun üçün müstəqil və səmərəli məhkəmə sistemi, şəffaf dövlət idarəçiliyi, hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir. İnsanların hüquqi biliklərinin artırılması və hüquqlarının müdafiəsi mexanizmlərindən istifadə imkanlarının genişləndirilməsi hüquqi dövlətin inkişafına mühüm töhfə verir.

Müasir Azərbaycan dövlətçiliyində insan hüquqlarının müdafiəsi həm də sosial rifah, təhlükəsizlik və bərabər imkanların təmin edilməsi ilə əlaqəlidir. Konstitusiyanın əsas prinsiplərinin gündəlik həyatda tətbiqi dövlətlə vətəndaş arasında etimadın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, insan hüquqlarına hörmət yalnız hüquqi öhdəlik deyil, həm də dövlətin siyasi və mənəvi məsuliyyətinin göstəricisidir.

Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 24/12” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button