
Vətənpərvərlik hər bir insanın doğma torpağına, xalqına, dövlətinə və milli dəyərlərinə bağlılığını ifadə edən ali mənəvi keyfiyyətdir. Azərbaycan Dövlət Bayrağı bu hisslərin formalaşmasında xüsusi rol oynayır. Üçrəngli bayrağımız gənc nəslə müstəqilliyin qiymətini, dövlətə sədaqəti və milli kimliyə hörməti aşılayan müqəddəs rəmzdir.
Bayrağımızın tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə sıx bağlıdır. Həmin dövrdə qəbul edilmiş üçrəngli bayraq xalqımızın azadlıq və müstəqillik arzusunu ifadə edirdi. Onun rəngləri milli kimliyimizi, müasir inkişaf məqsədlərimizi və mənəvi dəyərlərimizi özündə birləşdirir.
Ulu Öndər Heydər Əliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. Onun milli dövlətçilik irsində bayrağa, gerbə və himnə ehtiram xüsusi yer tuturdu. Dövlət rəmzlərinin qorunması və təbliği milli şüurun möhkəmləndirilməsinə xidmət edirdi.
Müasir dövrdə təhsil müəssisələrində Dövlət Bayrağı Gününün qeyd olunması, dövlət atributlarının tarixinin öyrədilməsi və vətənpərvərlik tədbirlərinin keçirilməsi mühüm əhəmiyyət daşıyır. Gənclər bilməlidirlər ki, bayrağımızın ucalığı şəhidlərimizin qəhrəmanlığı və xalqımızın fədakarlığı hesabına qorunub saxlanılmışdır.
Vətənpərvər gənclik dövlətimizin ən böyük sərvətlərindən biridir. Üçrəngli bayrağımızın mənasını dərindən dərk edən hər bir gənc ölkəmizin inkişafına öz töhfəsini verməyə çalışmalıdır. Bayrağa sevgi Vətənə sevginin ən ali ifadələrindən biridir.
Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri



