Cəbrayılın azadlığı: Zəfər yolunun mühüm tarixi mərhələsi

2020-ci il oktyabrın 4-ü Azərbaycan tarixinin müasir mərhələsində xüsusi siyasi və hərbi məna daşıyan tarixlərdən biridir. Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun doqquz kəndinin işğaldan azad edildiyini elan etdi. Rəsmi məlumatda Cəbrayılın azad olunması Azərbaycan Ordusunun həmin gün əldə etdiyi mühüm hərbi nəticə kimi təqdim edilirdi. Bu hadisə Vətən müharibəsinin ilk həftəsində Azərbaycanın hərbi təşəbbüsü ələ keçirdiyini göstərən mühüm mərhələlərdən biri oldu.
Cəbrayılın azadlığının siyasi əhəmiyyətini yalnız bir yaşayış məntəqəsinin hərbi yolla geri qaytarılması ilə məhdudlaşdırmaq düzgün olmazdı. Cəbrayıl 1993-cü il avqustun 23-də işğal edilmiş və rayonun əhalisi öz doğma yurdlarından məcburi köçkün düşmüşdü. 2020-ci ildə şəhərin azad olunması uzun illər davam edən işğal reallığının dəyişməsi baxımından mühüm dönüş nöqtəsi yaratdı. Prezident İlham Əliyevin həmin gün xalqa müraciətində Cəbrayılın azad edilməsini Azərbaycan xalqının tarixi arzularının reallaşması kontekstində təqdim etməsi hadisənin dövlətçilik baxımından da əhəmiyyətini artırdı.
Cəbrayıl əməliyyatının digər mühüm cəhəti onun sonrakı hərbi proseslərlə əlaqəsidir. Prezident İlham Əliyevin 2024-cü ildə Cəbrayıl şəhərində çıxışında qeyd etdiyi kimi, Cəbrayıl İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ilk şəhər idi və bundan sonra Hadrut, Füzuli, Zəngilan, Qubadlı və nəhayət Şuşanın azad edilməsi ilə Zəfər yürüşü davam etdi. Bu ardıcıllıq Cəbrayılın müharibənin ümumi gedişində ayrıca strateji əhəmiyyət daşıdığını göstərir.
Cəbrayılın azad edilməsindən sonra dövlət başçısının bölgəyə səfəri də mühüm siyasi mesaj daşıyırdı. 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda oldular. Həmin səfər zamanı dövlət başçısı Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bununla hərbi qələbənin ardınca həmin ərazilərdə dövlət suverenliyinin və milli irsin bərpası istiqamətində siyasi simvolizm formalaşdı.
Cəbrayılın bugünkü mərhələsi isə azadlığın yalnız hərbi hadisə olmadığını göstərir. Şəhərdə yaşayış kompleksləri, məktəb, infrastruktur və digər obyektlər yaradılır, keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir. 2024-cü ildə 712 mənzildən ibarət yaşayış kompleksinin istifadəyə verilməsi bu prosesin konkret nəticələrindən biridir. Beləliklə, Cəbrayıl nümunəsində 4 oktyabr 2020-ci ildən başlayan proses üç əsas mərhələni — azadlıq, bərpa və qayıdış mərhələlərini özündə birləşdirir.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



