“1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdi. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar tərəfindən isə onun icrası tələb olunmadı. Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı. Yalnız Kəlbəcərin işğalından 27 il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rayon işğaldan azad edildi. Məhz bu gün – 25 noyabr tarixi Kəlbəcərin işğaldan azad olunduğu gündür. Bu gün eyni zamanda 1993-cü ildə gülərək Kəlbəcəri tərk etmək üçün azərbaycanlılara 10 saat vaxt verən beynəlxalq terrorçu, ASALA təşkilatının üzvü, ASALA İnqilab Hərəkatının rəhbəri olmuş, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov tərəfindən məhv edilmiş Monte Melkonyanın da ad günüdür. Bəlkə də bu bir təsadüfdür. Amma 25 noyabr Kəlbəcərin azad olunması günü onu işğal etmiş bütün melkonyan kimilərə bir tarixi-siyasi mesaj oldu. Bundan sonra ermənilər hər il noyabrın 25-də Melkonyana ad günü keçirəndə Kəlbəcərin azad olunması gününün silləsini də yemiş olacaqlar”.
Bunu “Aktualinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Vətən müharibəsinin ilk günlərində döyüşlər zamanı Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilməsi, Kəlbəcərin strateji yüksəkliklərinin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verirdi: “Beləliklə də 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, kapitulyasiya etmiş Ermənistan götürdüyü öhdəliyə əsasən noyabrın 25-də Kəlbəcərdən silahlılarını çıxardı və rayonu Azərbaycana təhvil verdi. Bununla da, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini, tarixi ədaləti bərpa etdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik siyasəti nəticəsində bir qülləatılmadan Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da isə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və Azərbaycan Prezidentinin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olundu”.
Ramil Vəlibəyov qeyd edib ki, bu gün Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır, yenidən qurulur, bərpa edilir: “2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olublar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırıb. Bununla da Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilib. Hazırda infrastruktur layihələri icra edilir, Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib.
Belə ki, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, hərbi hissələrin açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri olub. Heç şübhəsiz ki, bütün bu işlərin görülməsi Azərbaycan dövlətinin qüdrətini, qətiyyətini və iradəsini nümayiş etdirir”.