AnalitikaGündəmSiyasət

Azərbaycanın sənaye potensialının gücləndirilməsi:dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ

Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyə, zəngin təbii ehtiyatlara və müxtəlif təbii-landşaft komplekslərinə malik olan ölkədir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan öz unikal geoloji quruluşu, müxtəlif iqlim şəraiti və relyef formaları ilə seçilir. Böyük Qafqaz və Kiçik Qafqaz dağ sistemləri, Talış dağları, dağətəyi və geniş düzənliklər, eləcə də torpaqların müxtəlif geoloji quruluşu Azərbaycanın zəngin mineral ehtiyatlarının formalaşmasına əlverişli şərait yaradan amillərdəndir.

Ölkə neft və qaz ehtiyatları ilə yanaşı, qızıl, mis, qurğuşun, sink, dəmir filizi, alunit və digər mineral resurslarla zəngindir. Bu təbii sərvətlər Azərbaycanın iqtisadi potensialının mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın zəngin mineral-xammal bazası ölkənin iqtisadi inkişafında strateji əhəmiyyət daşıyan əsas resurslardan biridir.
Son illərdə qeyri-neft sektorunun inkişafına göstərilən diqqət metallurgiya sənayesinin inkişafına təkan vermişdir. Mineral xammal ehtiyatlarından səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqi ölkənin sənaye siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı ölkənin sənaye potensialının yüksəlməsini özündə ehtiva edir. İstehsalatda müasir imkanlarının yaradılması və regionların iqtisadi inkişafı isə bu layihənin ayrılmaz bir hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışı da məhz bu istiqamətdə qarşıya qoyulan yeni vəzifələri gündəmə gətirdi.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı bütövlükdə sosial-iqtisadi inkişaf baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ayrı-ayrı bölgələri faydalı qazıntılar, filiz yataqları və müxtəlif sənaye xammalları ilə seçilir. Belə bir təbii potensialın mövcudluğu isə ölkədə dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün mühüm baza deməkdir.
Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 22 sentyabr 2026-cı il tarixində “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair “Dövlət Proqramı”na həsr olunmuş mühüm dövlət müşavirəsi keçirildi. Bu müşavirə ölkə iqtisadiyyatının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cənab Prezident öz çıxışında bildirdi ki, proqramın icrası Azərbaycanda yeni və müasir sənaye istiqamətinin formalaşmasına, təbii resurslardan səmərəli istifadəsinə və qeyri-neft sektorunun inkişafına töhfə verəcək. Dövlət başçısı həmçinin qeyd etdi ki, proqram çərçivəsində 5 mindən çox yeni iş yerinin yaradılması, yeni qızıl, mis və molibden yataqlarının kəşfiyyatı və istismara cəlb edilməsi nəzərdə tutulur.
Mineral-xammal ehtiyatları ölkənin müxtəlif iqtisadi-coğrafi rayonlarında cəmləşmişdir. Respublikada qızıl, mis, qurğuşun, sink, dəmir filizi, alunit, bentonit gilləri və digər faydalı qazıntı yataqları mövcuddur. Qızıl yataqları əsasən Kəlbəcər, Gədəbəy və Daşkəsən rayonlarında, mis yataqları Gədəbəy və Daşkəsən ərazilərində yerləşir. Daşkəsən rayonu həm də ölkənin ən iri dəmir filizi yataqları ilə tanınır. Alunit ehtiyatları əsasən Zəylik yatağında cəmləşmişdir. Naxçıvan Muxtar Respublikası isə molibden, duz və müxtəlif tikinti materialları yataqları ilə seçilir. Bu mineral ehtiyatların coğrafi baxımdan geniş yayılması dağ-mədən və metallurgiya sənayesinin ayrı-ayrı regionlarda inkişafına əlverişli şərait yaradır.
Cənab Prezident öz çıxışında sözügedən yataqların sənaye dövriyyəsinə cəlb edilməsi regionların iqtisadi potensialının artırılmasına, yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun yüksəldilməsinə mühüm töhfə verəcəyini vurğulamışdır. Buna görə də Azərbaycanın mineral ehtiyatları ölkənin davamlı iqtisadi inkişafının və sənaye siyasətinin əsas dayaqlarından biri hesab olunur.
Azərbaycan dağ-mədən və metallurgiya sənayesində yeni mərhələyə qədəm qoyur. Bu mərhələnin əsas xüsusiyyəti sənayenin modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi və rəqabət qabiliyyətli istehsal mühitinin formalaşdırılmasıdır. “Dövlət Proqramı”na həsr olunan muşavirənin əhəmiyyətini müəyyən edən əsas məqamlardan birinə diqqət etsək görə bilərik ki, sənayenin yalnız xammal hasilatı ilə məhdudlaşması nəzərdə tutulmur. Emal imkanlarının genişləndirilməsi və daha yüksək əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılması, regionların inkişafı, yeni iş imkanlarının yaradılması ölkənin iqtisadi inkişafını sürətlə irəli aparacaqdır. Müşavirədə səsləndirilən fikirlər Azərbaycanın iqtisadi siyasətində sənayeləşmənin və milli resurslardan daha səmərəli istifadəsinin prioritet olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycanın zəngin mineral ehtiyatlarından səmərəli istifadə olunması və sənaye istehsalının genişləndirilməsi zərurəti Dağ-mədən və metallurgiya sənayesinin inkişafının ayrılıqda Dövlət Proqramı səviyyəsində gündəmə gətirilməsini vacib etmişdir.
Dağ-mədən müəssisələrinin fəaliyyətinin genişləndirilməsi regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastrukturun inkişafına və yerli əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə şərait yaradacaqdır. Eyni zamanda, Dövlət Proqramının icrası müasir texnologiyaların tətbiqi, ekoloji təhlükəsizlik standartlarının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini zəruri edir. Məhz bu səbəbdən dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkənin uzunmüddətli sənaye inkişafının əsas istiqamətlərindən biri kimi qiymətləndirilmişdir.
Xüsusilə qeyd etmək lazımdır ki, burada məsələ yalnız mövcud imkanlardan istifadə etməklə məhdudlaşmır. Əsas hədəflərdən biri də sənayeni müasir tələblərə uyğun yeniləmək və inkişaf etdirməyə yönəlmişdir.
Cənab Prezident həmçinin qeyd etdi ki, Dövlət Proqramının icrası nəticəsində geoloji-kəşfiyyat fəaliyyətinin gücləndirilməsi həyata keçiriləcəkdir. Proqram çərçivəsində filiz hasilatı, yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsal həcminin artırılması və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, ixtisaslı kadr potensialının gücləndirilməsi , eləcə də sənayenin fəaliyyətinin daha səmərəli təşkili məsələləri də cənab Prezidentin nitqində öz əksini tapmışdır.
Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi reinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan torpaqlarda zəngin təbii sərvətlərin istifadəsi mümkün olmamışdır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yerləşən zəngin mineral ehtiyat bazaları mühüm potensial hesab edilir. Əldə olunacaq nəticələr isə gələcəkdə sənaye və iqtisadi fəaliyyətin daha da genişlənməsinə şərait yaradacaqdır.
Dövlət Proqramının həyata keçirilməsi nəticəsində regionların iqtisadi xəritəsinin dəyişməsi dedikdə – bu, sadəcə “regionlarda iş yerləri yaranacaq” fikrindən daha geniş məna kəsb edir. Proqram regionların sosial-iqtisadi inkişaf gündəliyini də əks etdirdirir. Bu yanaşma regionlarda yeni müəssisələrin yaranmasına, iqtisadi fəallığın artmasına şərait yaradır. Yerli emalın inkişafı eyni zamanda ixtisaslı kadrlara tələbatın artmasını təmin edəcəkdir. Bütün bunlar təbii potensialın yerli iqtisadi həyatın daha da şaxələnməsinə təkan vermək qabiliyyətinə malik olduğunu deməyə əsas verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və çağırışlarında yerli emalın genişləndirilməsi, xammalın ölkə daxilində daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi xüsusi olaraq vurğulanıb. Cənab Prezident həmçinin öz çıxışında ifadə etmişdir ki, sənayenin inkişafında ekoloji amillərin nəzərə alınmasının mühüm əhəmiyyət daşıyır. İstehsal proseslərində müasir və ekoloji yanaşmaların tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə və tullantıların düzgün idarə olunması həm sənayenin, həm də ətraf mühitin qorunması baxımından vacibdir.
Yeni sənaye təkcə yeni müəssisələr demək deyil, eyni zamanda yeni peşələr və yeni bacarıqlara tələbat formalaşdırır. Mühəndislərə, texnoloqlara, peşəkar mütəxəssislərə ehtiyac artır. İstehsal proseslərində rəqəmsal texnologiyaların tətbiqi yeni bacarıqlar tələb edir. Bu isə təhsil və sənaye arasındakı əlaqələrin inkişafını təmin edir. Peşə hazırlığının müasir tələblərə uyğunlaşdırılması zərurətə çevrilir. Beləliklə, yeni sənaye imkanları regionların iqtisadi inkişafına yeni nəfəs gətirir.

Məhsəti Məmmədova,
“H.B.Zərdabi pr.59” (“4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”)
ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button