AnalitikaGündəmSiyasət

AzerGold” dağ-mədən layihələrinin həyata keçirilməsində əsas iştirakçılardan olacaq

Azərbaycanın dağ-mədən sənayesinin inkişafında dövlət şirkətlərinin rolu mühüm əhəmiyyət daşıyır. Yeni Dövlət Proqramında da dövlət xətti ilə həyata keçiriləcək layihələrdə “AzerGold”un əsas iştirakçılardan biri kimi çıxış etməsi nəzərdə tutulur. Bu, dövlətin mineral ehtiyatların öyrənilməsi, işlənməsi və hasilatı prosesində strateji iştirakını təmin edən mexanizmlərdən biri kimi qiymətləndirilə bilər. Dövlət şirkətinin fəaliyyəti həm mövcud yataqların istismara hazırlanmasına, həm də yeni perspektivli sahələrin araşdırılmasına yönəldiləcək.

Prezident İlham Əliyevin çıxışında dağ-mədən sahəsində işlərin iki istiqamətdə aparılacağı bildirilib. Birinci istiqamət dövlət xətti ilə həyata keçiriləcək layihələrdir. İkinci istiqamət isə özəl sektorun iştirakıdır. Bu model dövlətin strateji layihələrdə iştirakını qorumaqla yanaşı, özəl kapitalın və beynəlxalq təcrübənin də sahəyə cəlb edilməsinə imkan yaradır. Beləliklə, müxtəlif maliyyə və texnoloji imkanların bir araya gətirilməsi mümkündür.

“AzerGold”un qarşısında mühüm layihələrdən biri Balakən rayonundakı “Filizçay” polimetal yatağının istismara hazırlanmasıdır. Layihə üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və yekun investisiya qərarının qəbul edilməsi nəzərdə tutulur. Bu yatağın gələcək istismarı yalnız hasilatın artırılması baxımından deyil, həm də emal və zənginləşdirmə zəncirinin formalaşdırılması baxımından əhəmiyyətli ola bilər.

Dövlət şirkətinin layihələrdə iştirakı eyni zamanda ekoloji və texniki standartlara əməl olunması baxımından da əhəmiyyətlidir. Müasir mədənçilikdə istehsal göstəriciləri ilə yanaşı, ətraf mühitin qorunması, təhlükəsizlik və resurslardan səmərəli istifadə əsas meyarlardandır. Dövlət Proqramının icrası çərçivəsində bu tələblərin nəzərə alınması Azərbaycanın dağ-mədən sənayesinin müasir standartlar əsasında formalaşmasına xidmət edə bilər.

Ceyhun Qafarov,
YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button