Rəşadət Xalıqov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində yeni mərhələnin əsas konturları formalaşır

“Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində yeni mərhələnin əsas konturları formalaşır. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının təqdim olunması bu baxımdan diqqətçəkən hadisədir. Proqramın mahiyyəti Azərbaycanın təbii sərvətlərini müasir texnologiyalar əsasında emal etməklə ölkə daxilində daha yüksək əlavə dəyərin yaradılmasından ibarətdir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, son illərdə həyata keçirilən infrastruktur və iqtisadi islahatlar yeni sənaye layihələri üçün mühüm baza yaradıb. Enerji təminatının gücləndirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi, regionlarda sənaye və aqroparkların yaradılması Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına şərait formalaşdırıb. İndi isə bu bazanın üzərində yeni istehsal sahələrinin qurulması gündəmdədir. Dövlət başçısının səsləndirdiyi rəqəmlərə görə, bu ilin ilk səkkiz ayında qeyri-neft sənayesində 5,4 faiz artım qeydə alınıb və yeni proqramın məqsədlərindən biri də bu dinamikanı uzunmüddətli xarakterə çevirməkdir.
“Dağ-mədən sənayesinin inkişafı xüsusilə işğaldan azad edilmiş ərazilər baxımından əhəmiyyətlidir. Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının genişləndirilməsinə xidmət edə bilər. Əsas hədəf filizin zənginləşdirilməsi və emalı üçün müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması və regionda davamlı iqtisadi fəaliyyətin formalaşdırılmasıdır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Naxçıvanın da geoloji kəşfiyyat istiqamətində yeni mərhələyə daxil olması ölkənin mineral-xammal potensialının daha geniş araşdırılmasına imkan verə bilər. Müasir texnologiyaların tətbiqi ilə həm əvvəllər müəyyən edilmiş ehtiyatların yenidən qiymətləndirilməsi, həm də yeni yataqların aşkarlanması nəzərdə tutulur. Bu prosesdə dövlət şirkətləri ilə yanaşı, yerli və xarici investorların iştirakı da mümkün olacaq.
Rəşadət Xalıqov əlavə edib ki, dövlət proqramının mühüm istiqamətlərindən biri Balakəndəki “Filizçay” polimetal yatağının istismara hazırlanmasıdır. Digər tərəfdən, Daşkəsən filiz yatağının potensialından istifadə etməklə Qərb Sənaye Parkının yaradılması da dağ-mədən sənayesinin hasilatdan emala qədər tam zəncirinin formalaşdırılmasına hesablanıb. Burada zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı kimi sahələrin yaradılması nəzərdə tutulur. Metallurgiya istiqamətində alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması hədəfi də sənaye siyasətinin miqyasını göstərir. Bu cür layihələrin əsas iqtisadi üstünlüyü xammalın sadəcə ixrac edilməməsi, onun ölkə daxilində emal olunaraq daha yüksək dəyərə malik məhsula çevrilməsidir.
Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran əsas məsələ yeraltı sərvətlərin ölkə daxilində emal edilərək sənaye məhsuluna çevrilməsidir. Dağ-mədən və metallurgiya sahəsində nəzərdə tutulan yeni layihələr həyata keçirildiyi təqdirdə bu sektor qeyri-neft iqtisadiyyatının yeni dayaqlarından birinə çevrilə və regionların sosial-iqtisadi inkişafına əlavə impuls verə bilər.



