AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Azərbaycan Ordusunun qüdrəti və Kəlbəcərin azadlığı

Azərbaycan Ordusu xalqımızın milli qürur mənbəyi, dövlətimizin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçılarından biridir. Müstəqillik illərində həyata keçirilən hərbi islahatlar, ordunun müasir texnologiyalarla təchiz olunması və peşəkar hərbi kadrların hazırlanması Silahlı Qüvvələrimizin gücünü əhəmiyyətli dərəcədə artırdı. Bu inkişaf 2020-ci ildə Vətən müharibəsində öz tarixi nəticəsini göstərdi.

Kəlbəcər Azərbaycanın mürəkkəb dağlıq relyefə malik strateji bölgələrindən biridir. Bu ərazinin coğrafi xüsusiyyətləri onun hərbi və geosiyasi əhəmiyyətini daha da artırırdı. İşğal illərində Kəlbəcərin azad edilməsi ölkəmizin qarşısında duran mühüm milli məqsədlərdən biri olaraq qalırdı. Azərbaycan xalqı isə öz torpaqlarının azad olunacağına inamını itirmədi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbə Ermənistanı kapitulyasiyaya və işğal altındakı ərazilərin boşaldılmasına məcbur etdi. Nəticədə 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Bu hadisə Ordumuzun döyüş meydanında əldə etdiyi uğurların siyasi-diplomatik nəticəyə çevrilməsinin bariz nümunəsi oldu.

Kəlbəcərin azad olunması uğrunda göstərilən xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Bu medalın təsis olunması Vətən uğrunda fədakarlıq göstərən hərbçilərimizin qəhrəmanlığının dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir.

Bu gün Kəlbəcərin səmasında dalğalanan üçrəngli bayrağımız Azərbaycan Ordusunun qüdrətini və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir. Şəhərin yenidən qurulması, sakinlərin doğma yurdlarına qayıtması və həyatın bərpası şəhidlərimizin qanı bahasına əldə olunan Zəfərin ən böyük mənəvi nəticələrindəndir. Kəlbəcər Ordumuzun şanlı tarixində əbədi yaşayacaq.

Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button