
2024-cü il iyul ayının 18-də İngiltərənin Oksford şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün cənab Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən dəvət alması Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəmin və dövlət başçımızın yüksək şəxsi nüfuzunun daha bir göstəricisidir. Azərbaycan Prezidenti təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir. Bu gün Avropanın özündə Cənub Qaz Dəhlizinə çox sayda yeni marşrutların, interkonnektorların əlavə edilməsi layihənin əhəmiyyətini bir daha vurğulayır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Bu hədəfə çatmaq üçün ölkəmiz bütün lazım olan resurs və infrastuktura sahibdir. Bu gün Azərbaycandan təbii qaz alan ölkələr arasında beş Avropa İttifaqı üzvü və iki üzvlüyə namizəd ölkə vardır. Beləliklə, Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq və ölkəmiz bu imkanlardan maksimum yararlanmaq niyyətindədir. Son 20 il ərzində ölkəmiz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşu ölkələrlə birlikdə bu layihəni reallaşdırıb. Hazırda Aralıq dənizində Türkiyənin Ceyhan limanından Azərbaycan nefti müxtəlif təyinat nöqtələrinə, o cümlədən bu məhsuldan əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edilir. Ölkəmiz enerji sahəsi ilə yanaşı, nəqliyyat–kommunikasiya sahəsində də böyük imkanlara malikdir, bu istiqamətdə böyük işlərə rəhbərlik edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda çıxışı, Azərbaycanın beynəlxalq enerji siyasətindəki mövqeyini və bu sahədəki strateji əhəmiyyətini bir daha vurğuladı. Bu çıxışda Prezident İlham Əliyev, Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlər, Avropa ilə enerji əməkdaşlığı və gələcək perspektivlər barədə mühüm məsələlərə toxundu. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına təsir edən mühüm amillərdən biri onun enerji sektorundakı roludur. Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümumi Avropa qaz təchizatçısı adlandırması bu rolu daha da vurğulayır.
Kərimov Qara,
YAP-ın gənc fəalı