AnalitikaGündəmSiyasət

8 Noyabr – Zəfər Günü

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində ən şanlı, unudulmaz və qürurverici səhifələrdən biridir. Bu əlamətdar gün xalqımızın milli birliyini, Vətənə sonsuz sevgisini, qəhrəmanlığını və mübarizə əzmini özündə təcəssüm etdirir. Zəfər Günü Azərbaycan xalqının illərlə həsrətində olduğu torpaqlarına qovuşmasının, tarixi ədalətin bərpasının və milli qürurun təntənəsidir.

Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqımızın ən böyük arzularından biri olmuşdur. Uzun illər ərzində torpaqlarımızın işğal altında qalması milyonlarla insanın həyatında dərin izlər buraxmış, yüz minlərlə soydaşımız doğma yurdlarından məcburi köçkün düşmüşdür. Lakin Azərbaycan xalqı heç vaxt öz torpaqlarını unutmadı, azadlıq və ədalət uğrunda mübarizə əzmini itirmədi.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, tariximizə Vətən müharibəsi kimi daxil olan 44 günlük müharibə başlandı. Bu müddət ərzində Azərbaycan əsgər və zabitləri böyük şücaət, qəhrəmanlıq və fədakarlıq nümayiş etdirərək bir-birinin ardınca yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad etdilər.

Müharibənin ən mühüm və taleyüklü hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın tacı hesab edilən Şuşanın azadlığı Azərbaycan xalqının tarixi qələbəsinin rəmzinə çevrildi. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusu öz gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi hadisə müharibənin taleyində həlledici rol oynadı.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Vətən müharibəsi başa çatdı və Azərbaycanın tarixi Zəfəri rəsmiləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı bu qələbə xalqımızın iradəsinin və həmrəyliyinin parlaq nümunəsi oldu.

Bu Zəfərin arxasında minlərlə qəhrəman Azərbaycan övladının fədakarlığı dayanır. Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayacaq. Döyüşlərdə sağlamlığını itirən qazilərimizin qəhrəmanlığı isə hər zaman böyük ehtiramla xatırlanacaq. Onların göstərdiyi igidlik gələcək nəsillər üçün vətənpərvərlik və qəhrəmanlıq məktəbidir.

Zəfər Günü yalnız hərbi qələbənin qeyd olunduğu tarix deyil. Bu gün həm də milli ruhun, dövlətçilik ənənələrinin, xalq-ordu birliyinin və Vətən sevgisinin təntənəsidir. Azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinci Zəfərimizin davam edən nəticələridir. Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən qurulur, abadlaşır və həyat öz axarına qayıdır.

Hər il noyabrın 8-də Azərbaycan xalqı bu möhtəşəm tarixi böyük qürur hissi ilə qeyd edir. Dövlət bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması, Şuşada üçrəngli bayrağımızın ucaldılması xalqımızın müstəqillik və azadlıq əzminin təcəssümüdür.

Bizə bu qüruru yaşadan şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, qazilərimizə ehtiram göstərmək və qazanılmış Zəfəri gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.

8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq!

Sevinc Bağırova,
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button