AnalitikaGündəmSiyasət

28 May – milli qürur və müstəqillik simvoludur

28 May Azərbaycan xalqının tarixində ən önəmli və qürurverici günlərdən biridir. 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə Azərbaycan müstəqil dövlət olduğunu bütün dünyaya elan etdi. Bu tarix həm də müsəlman Şərqində ilk demokratik respublikanın yaranması kimi tarixə düşdü.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətçilik tariximizdə böyük iz buraxdı. Həmin dövrdə ilk parlament yaradıldı, Azərbaycan bayrağı qəbul edildi, qadınlara seçmək və seçilmək hüququ verildi. Bu isə o dövr üçün çox böyük yenilik və inkişaf nümunəsi idi. Cümhuriyyətin qurucuları xalqın azad və müstəqil yaşaması üçün böyük əziyyət çəkmişdilər.

Cümhuriyyətin yaradılması Azərbaycan xalqının milli azadlıq arzularının gerçəkləşməsi idi. O dövrdə ölkədə təhsil, mədəniyyət və iqtisadiyyatın inkişafı üçün mühüm addımlar atılmışdı. Məktəblərin açılması, milli ordunun qurulması və dövlət rəmzlərinin qəbul olunması Azərbaycanın gələcək inkişafının əsasını təşkil edirdi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqın yaddaşında əbədi olaraq yaşamağa davam etdi.

1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideyaları daha da böyük əhəmiyyət qazandı. Bu gün Azərbaycan güclü və müstəqil dövlət kimi inkişaf edir. Gənclər ölkənin gələcəyi üçün çalışır, dövlətimizin tarixini və milli dəyərlərini qorumağa davam edirlər. 28 May bayramı insanlarda vətənə sevgi, birlik və qürur hisslərini daha da gücləndirir.

Bu gün 28 May Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur. İnsanlar bu tarixi hörmət və fəxarətlə yad edir, şəhidlərimizi və dövlətimizin qurulmasında əməyi olan şəxsləri minnətdarlıqla anırlar. 28 May bizə azadlığın, birlik və vətən sevgisinin nə qədər dəyərli olduğunu xatırladır.

Hər bir azərbaycanlı üçün 28 May yalnız bir bayram deyil, həm də milli qürur və müstəqillik simvoludur.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button