AnalitikaGündəmSiyasət

Dünənin, bu günün və gələcəyin partiyası

Filosofların gəldiyi ortaq qənaətə görə, sağlam əqidənin üç əsas şərti vardır: birincisi, ağıla və məntiqə əsaslanmaq, yəni fanatizmdən uzaq olmaq; ikincisi, əxlaqi dəyərlərə söykənmək, yəni başqalarına zərər verməmək; üçüncüsü isə sözlə əməlin üst-üstə düşməsi, yəni daxili bütövlüyün qorunmasıdır.

Əlbəttə, hər kəs bu həyata müəyyən bir amal uğrunda gəlir. Əsas odur ki, amalımız, əqidəmiz və həyata baxışımız sağlam prinsiplərə söykənsin. Gəncləri irəliyə aparan sağlam və dürüst əqidə yolu isə dövlətçilik ideyalarına, milli maraqlara və xalqın gələcəyinə xidmət edən yoldur. Bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”. Bu ifadə partiyanın tarixi missiyasını və cəmiyyətdəki rolunu əks etdirir.

Yeni Azərbaycan Partiyası Azərbaycanın ağır və keşməkeşli dövründə, müstəqillik tariximizin mürəkkəb mərhələsində meydana gəlmiş ictimai-siyasi hadisə idi. 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etməyimizə baxmayaraq, ölkədə hökm sürən özbaşınalıq, zəif və səriştəsiz idarəçilik, siyasi və iqtisadi çətinliklər, eləcə də Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü ciddi təhlükələr yaradırdı. Mövcud vəziyyətdən narahat olan tanınmış ziyalılar və ictimai-siyasi xadimlər dövlət müstəqilliyinin qorunması, ölkənin böhrandan çıxarılması məqsədilə yeni siyasi partiyanın yaradılması təşəbbüsü ilə çıxış etdilər.

Beləliklə, 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək xalqı öz ətrafında birləşdirə biləcək yeni siyasi təşkilata rəhbərlik etməsini xahiş etdi. “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı bu müraciət “Səs” qəzetində dərc olundu. 1992-ci il oktyabrın 24-də Heydər Əliyev “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubu ilə təşəbbüsü dəstəklədiyini bildirdi.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində, Naxçıvan Dövlət Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfər iştirak etdi. Yığıncaqda partiyanın yaradılması haqqında qərar qəbul edildi, proqram və nizamnaməsi təsdiqləndi. Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Həmin mürəkkəb dövrdə xalqımızın milli maraqlarını hər şeydən üstün tutan, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik siyasi xadim Heydər Əliyevin rəhbərliyinə böyük ehtiyac var idi. Onun xalqın və dövlətin gələcəyi naminə göstərdiyi xidmətlər heç vaxt unudulmayacaq. Tarixdə iz qoyan şəxsiyyətlər xalqın yaddaşında daim yaşayırlar.

Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, milli birliyin möhkəmləndirilməsi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də beynəlxalq münasibətlərdə inkişaf edən tərəfdaşlıq əlaqələri ölkənin dövlətçilik tarixində mühüm mərhələ təşkil edir.

Yeni Azərbaycan Partiyasının dünənə söykənən tarixi, bu gün həyata keçirilən fəaliyyəti və gələcəyə yönələn məqsədləri onun siyasi həyatımızdakı yerini müəyyənləşdirir. Əsas məqsəd dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin davamlı inkişafına töhfə verməkdir.

Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button