
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müasir dövlətçilik tariximizin dönüş nöqtəsi və xalqımızın gələcək taleyini müəyyən edən həlledici hadisədir. Ölkədə dərin siyasi böhranın, xaosun və idarəetmə iflicinin hökm sürdüyü bir dövrdə ziyalıların müraciəti və Ümummilli Lider Heydər Əliyevin liderliyi ilə yaradılan bu partiya tarixi zərurətdən meydana çıxdı. Qısa müddətdə ümumxalq partiyasına çevrilən YAP Azərbaycanın müstəqilliyini real məhv olmaq təhlükəsindən xilas edərək ölkədə sabitlik və inkişaf erasının əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik ideologiyası üzərində qurulan partiya ölkəmizin iqtisadi dirçəlişinin və beynəlxalq nüfuzunun möhkəmlənməsində aparıcı siyasi qüvvə oldu. Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında partiya öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyaraq Azərbaycanı tarixi Zəfərə və tam suverenliyə qovuşdurdu. Bu gün Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən genişmiqyaslı islahatların, Böyük Qayıdış proqramının və davamlı tərəqqinin əsas siyasi dayağı kimi çıxış edir. Partiyanın sıralarında gənclərin intellektual potensialının birləşməsi və onların ictimai-siyasi proseslərdə fəal iştirakı milli ideallarımızın gələcək nəsillərə ötürülməsini təmin edir. Dünənin, bu günün və gələcəyin partiyası statusunu real əməlləri ilə doğruldan YAP dövlət müstəqilliyimizin sarsılmaz təminatçısıdır. Otuz dörd illik şərəfli yol keçən bu siyasi təşkilatın tarixi müstəqil Azərbaycanın müasir uğur salnaməsi ilə tam vəhdət təşkil edir. Biz gənclər də Ulu Öndərin siyasi irsinə və dövlətçilik prinsiplərinə sadiq qalaraq bu tarixi həqiqətləri cəmiyyətə aydın və səmimi dildə çatdırmağı özümüzə borc bilirik.
Qədirli Aysu,
YAP Yasamal rayon təşkilatının fəal gənci



