
“Bayraq mənliyimdir, bayraq mənliyim, Azərbaycan adlı məmləkətimdir!” Bu gözəl və vətənpərvər misralar hər bir azərbaycanlının qəlbində dərin iz buraxan, dövlət rəmzlərimizə olan sonsuz sevgini və hörməti ifadə edən müqəddəs bir şüardır. Bayrağımız sadəcə bir qumaş parçası deyil; o, bizim müstəqilliyimiz, qürurumuz, keçmişimiz və gələcəyimizdir. Üç rəngli bayrağın kölgəsində yaşamaq və onu hər zaman uca tutmaq hər birimizin vətəndaşlıq borcudur. Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binaların qarşısında asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların məzarları üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverənliyininrəmzidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. İstiqlal ideologiyamızın üç təməl prinsipidir. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturu bayrağımızda öz əksini tapmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.
Bu gün ən yüksək zirvələrdə dalğalanan, 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirdi. 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın milli yaddaşında xüsusi yer tutan, müstəqilliyimizin və dövlətçilik iradəmizin təcəssümünə çevrilən əlamətdar tarixdir. Üçrəngli bayrağımız Azərbaycan xalqının azadlıq arzularını, tarixi köklərini, milli birliyini və gələcəyə olan inamını özündə yaşadır. Bu müqəddəs rəmz uğrunda mübarizə aparanların, Vətən naminə canından keçən şəhidlərimizin və dövlətimizin inkişafı üçün çalışan insanların fədakarlığını xatırladır. Azərbaycan bayrağı bu gün olduğu kimi, gələcəkdə də ölkəmizin bütün uğurlarının və müstəqil dövlətçiliyimizin rəmzi olaraq yüksəklərdə dalğalanacaqdır.
Süpay Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı



