AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

44 Günlük Dastan: Tarixi Ədalətin Bərpası

2020-ci ilin payızında başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun qəhrəmanlığı sayəsində azad olundu. Düşmənin illərdir yaratdığı möhkəmləndirilmiş istehkamlar qısa müddət ərzində darmadağın edildi.

Bu müharibə sadəcə hərbi əməliyyat deyil, həm də xalqımızın milli ləyaqətinin özünə qaytarılması prosesi idi. Azərbaycan əsgəri və zabiti misilsiz şücaət göstərərək sıldırımlı qayaları, keçilməz dağları aşaraq irəlilədi. Hər bir qarış torpaq uğrunda gedən döyüşlər hərb tariximizə qızıl hərflərlə yazıldı.

Döyüş meydanındakı uğurlar arxa cəbhənin həmrəyliyi ilə birgə qazanıldı. Azərbaycan xalqı orduya maddi və mənəvi dəstək nümayiş etdirərək əsl birlik nümayiş etdirdi. Dünya azərbaycanlıları da bu haqq savaşında bir yumruq kimi birləşərək həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirak etdilər.

44 günlük Vətən müharibəsi nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri öz gücü ilə icra olundu. Tarixi ədalət bərpa edildi və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bu şanlı qələbə hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq bir qürur mənbəyidir.

Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button