
Şuşa şəhəri Azərbaycanın zəngin tarixi-mədəni irsinin, milli kimliyinin və dövlətçilik ənənələrinin mühüm simvollarından biridir. Qarabağın mədəniyyət paytaxtı hesab edilən Şuşa uzun illər Azərbaycan ədəbiyyatının, musiqisinin və incəsənətinin inkişafında əvəzsiz rol oynamışdır.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı və Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri işğaldan azad edilmişdir. Bu tarixi hadisə Vətən müharibəsinin taleyində həlledici rol oynamaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmuşdur. Şuşanın azad edilməsi xalqımızın milli birliyinin, iradəsinin və vətənpərvərlik ruhunun təntənəsi kimi tarixə düşmüşdür.
2022-ci ildə imzalanmış müvafiq Sərəncama əsasən, noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. İşğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilmiş, tarixi abidələrin və mədəni irsin qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Şuşanın azad olunması yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası və milli-mənəvi dəyərlərimizin qorunması baxımından böyük əhəmiyyət daşıyır. 8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının Zəfər tarixini, milli qürurunu və gələcək nəsillərə ötürülən vətənpərvərlik ənənələrini təcəssüm etdirir.
Zəhra Əhmədli,
YAP Yasamal rayon təşkilatının fəal gənci



