AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

8 Noyabr – Şuşa Şəhəri Günü: Tarixi Zəfərin və milli qürurun təntənəsi

8 Noyabr Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, milli qürurumuzun, tarixi ədalətin və dövlətçilik iradəmizin təntənəsinə çevrilmiş əlamətdar gündür. Bu tarix həm Şuşanın işğaldan azad edilməsinin, həm də xalqımızın birliyinin və qəhrəmanlığının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Şuşa Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan müqəddəs şəhərimizdir. Qarabağın döyünən ürəyi, Azərbaycan musiqisinin beşiyi olan Şuşa əsrlər boyu görkəmli şəxsiyyətləri, sənətkarları, şairləri və bəstəkarları ilə milli mədəniyyətimizin inkişafına böyük töhfələr vermişdir.

2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək xalqımıza misilsiz sevinc və qürur yaşatdı. Şuşa əməliyyatı hərb tariximizə qəhrəmanlıq nümunəsi kimi daxil oldu. Bu möhtəşəm Qələbə Azərbaycan xalqının sarsılmaz iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.

Şuşanın azad olunması Vətən müharibəsinin taleyində həlledici rol oynadı və Azərbaycanın tarixi Zəfərinin əldə edilməsində mühüm mərhələ oldu. Prezident İlham Əliyevin siyasi iradəsi, strateji rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində tarixi torpaqlarımızda üçrəngli bayrağımız yenidən dalğalandı.

Bu gün Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız yenidən dirçəldilir. Şəhərin əvvəlki şöhrətinin bərpası, mədəni həyatının canlandırılması və keçmiş sakinlərinin doğma yurdlarına qayıdışı Böyük Qayıdış proqramının mühüm istiqamətlərindəndir. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı və beynəlxalq tədbirlərin məkanına çevrilməsi onun tarixi və mədəni əhəmiyyətini daha da artırır.

8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün Zəfərimizin qürurunu yaşadan, milli birliyimizi və Vətən sevgimizi möhkəmləndirən əlamətdar tarixdir. Bu gün biz bir daha sübut etdik ki, xalqın birliyi, güclü dövlət və yenilməz ordu qarşısında heç bir maneə dayana bilməz.

Şuşamız azaddır, Qarabağ Azərbaycandır! Bu tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button