AnalitikaGündəmSiyasət

Beynəlxalq birliyin etibarlı və hörmətli üzvü: Azərbaycan diplomatiyasının yeni zirvələri Prezident İlham Əliyevin VII Ümumdünya

Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında Azərbaycanın beynəlxalq mövqeyi xüsusi yer tutdu. Dövlət başçısı bildirdi ki, beynəlxalq təmaslarımız ölkəmizin özünü beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi təqdim edə bildiyini göstərir. Bu, sadəcə siyasi bəyanat deyil, son illərdə əldə olunmuş konkret nailiyyətlərlə təsdiqlənən reallıqdır. Prezident Forum iştirakçılarının diqqətinə bir neçə faktı çatdıraraq Azərbaycan diplomatiyasının bugünkü coğrafiyasını və miqyasını aydın şəkildə ortaya qoydu.
İlk növbədə, Azərbaycanın artıq iki super güclə strateji tərəfdaşlıq münasibətləri var. 2025-ci ilin aprelində Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi imzalanıb. Həmin ilin avqustunda isə Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanıb. Beləliklə, Azərbaycan dünyanın iki aparıcı gücü ilə strateji tərəfdaşlıq formatına malik nadir ölkələrdən birinə çevrilib. Bununla yanaşı, Avropa İttifaqının 10 üzv dövləti ilə Azərbaycanın strateji tərəfdaşlıq bəyannaməsi və ya sazişi var. Bu balanslı və çoxşaxəli diplomatiya ölkəmizin müstəqil xarici siyasətinin bəhrəsidir.
Azərbaycanın beynəlxalq çəkisinin digər göstəricisi mötəbər qlobal tədbirlərə ev sahibliyidir. Prezident İlham Əliyev bildirdi ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və demək olar ki, 60 ölkəni birləşdirən bu nüfuzlu təşkilata sədrlik edəcək. Dövlət başçısı bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin və hörmətin əlaməti kimi dəyərləndirdi. 2028-ci ildə isə Bakı 50-dən çox ölkəni birləşdirən Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcək. Bu format dörd ildir mövcuddur və Zirvə görüşləri 2022-ci ildən keçirilir.
Prezidentin vurğuladığı kimi, bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbirin keçirilməsi Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bir tərəfdən İslam dünyasının ən böyük təşkilatının sammiti, digər tərəfdən Avropa qitəsinin ən geniş siyasi platformasının toplantısı – bu, Azərbaycanın sivilizasiyalar arasında körpü rolunun siyasi təzahürüdür. Dövlət başçısının sözlərinə görə, bunun aparıcı qüvvəsi məhz Forumda müzakirə olunan mövzu – mədəniyyətlərarası dialoqdur.
Asiya istiqamətində də Azərbaycanın rolu sürətlə artır. Bu ay Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşü keçirilib. Təxminən 30 ölkəni birləşdirən bu təşkilatda Azərbaycanın sədrliyi yekdilliklə daha iki il uzadılıb. Forumda çıxış edən Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveys də AQEM Sammitində aralarında ciddi fikir ayrılıqları olan ölkələrin nümayəndələrinin Bakıda bir masa arxasında toplanmasını xüsusi qeyd etdi və əməkdaşlığın məhz belə görüşlərdən başladığını vurğuladı.
Diqqətəlayiq faktlardan biri də Azərbaycanın ötən il Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət olunmasıdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan coğrafi cəhətdən Mərkəzi Asiyada deyil, Qafqazda yerləşir. Lakin ölkəmizin müxtəlif aspektlər üzrə rolunun tanınması və bizə göstərilən hörmətin əlaməti olaraq Azərbaycan bu formata dəvət olunub. Bu, Azərbaycanın Xəzər dənizinin hər iki sahilini birləşdirən strateji əhəmiyyətinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.
Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsaq, ölkəmizin rolunun son dərəcə sürətlə artdığını görərik. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Eyni zamanda, müstəqil siyasət ölkəmizə böyük hörmət qazandırıb. Prezident xüsusi vurğuladı ki, bağlantılar sahəsində rol oynamaq üçün qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər olmalıdır və Azərbaycan buna nail olub.
Azərbaycanın beynəlxalq hörmətinin təməlində ədalətli və prinsipial mövqe dayanır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan başqa ölkələrə necə yaşamağı diktə etmir, diqqətini öz daxili işlərinə yönəldir və özünə qarşı da eyni münasibət gözləyir. Hər hansı hörmətsizlik əlaməti və əsassız üstünlük iddiası isə qətiyyətli müqavimətlə qarşılanır. Hörmətin diktə ilə deyil, qarşılıqlı ehtiram və ardıcıl siyasətlə qazanıldığını Azərbaycan təcrübəsi bir daha sübut edir.
Cənubi Qafqazdakı yeni reallıq da Azərbaycanın nüfuzunu artıran mühüm amildir. Ötən ilin avqustunda Ermənistanla sülh sazişinin Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması regionda tarixən mövcud olmamış yeni vəziyyətin beynəlxalq səviyyədə möhürlənməsi oldu. Qələbədən sonra sülhün təşəbbüskarı olan ölkə kimi Azərbaycan beynəlxalq aləmdə məsuliyyətli və konstruktiv aktor imicini daha da möhkəmləndirdi.
Dövlət başçısının qeyd etdiyi kimi, iqtisadi potensial, fəal xarici siyasət, inklüziv cəmiyyət, multikulturalizm və mədəniyyətlərarası dialoq ənənələri birlikdə Azərbaycana nikbin baxmaq üçün sinerji yaradır. Eyni zamanda, Prezident proqnozlaşdırılması çətin dünyada potensial risklərə qarşı diqqətli olmağın vacibliyini də unutmadı. Bütün bu faktlar göstərir ki, Azərbaycan bu gün regional çərçivəni aşaraq qlobal miqyasda sözü eşidilən, etibar edilən və hörmət olunan dövlətdir. Bakı Forumu isə bu nüfuzun təsadüfi olmadığını, ardıcıl və prinsipial siyasətin məntiqi nəticəsi olduğunu bir daha təsdiqlədi.

 

Coşqun Dadaşov,    
Rəşid Behbudov küçəsi,134 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Dillər Universitetində rektorun müşaviri

Oxşar Xəbərlər

Back to top button