AnalitikaGündəmSiyasət

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyim qaydalarının normativ-hüquqi əsasları və tətbiqi məsələləri

Təhsil müəssisələrində geyim qaydalarının müəyyən edilməsi təhsil mühitində vahidliyin, nizam-intizamın və işgüzar münasibətlərin formalaşdırılması baxımından əhəmiyyətlidir. Məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə ön plana çıxmasının qarşısını almağa, təhsilalanlarda kollektivə mənsubiyyət hissinin və məsuliyyətli davranış vərdişlərinin inkişafına kömək edir. Təhsilverənlərin geyimi isə pedaqoji fəaliyyətin xarakterinə uyğun olmalı, müəllimin peşəkar nüfuzunu və təhsil müəssisəsində formalaşdırılan işgüzar mühiti dəstəkləməlidir.

Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa 2026-cı ildə edilmiş dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi nəzərdə tutulur. Təhsilverənlər üçün geyim tələblərinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətinə aid edilir.

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim forması Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş təsvirlərə uyğun olmalıdır. Məktəblərdə yay və qış geyim dəstləri tətbiq edilir. Geyim formalarının hazırlanmasında şagirdlərin sağlamlığına mənfi təsir göstərməyən, keyfiyyətli və davamlı materiallardan istifadə olunması vacib şərtlərdəndir. Geyim forması məktəb mühitinə uyğun, səliqəli və rahat olmalıdır. Məktəbin emblemi geyimin üzərində nəzərdə tutulmuş qaydada yerləşdirilə bilər.

Geyim formasının vahidliyinin qorunması da əsastələblərdən biridir. Müəyyən edilmiş formanın vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərinə yol verilmir. Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə bilər. Bu yanaşma vahid geyim qaydalarının qorunması ilə milli dəyərlərin təbliği arasında uyğunluğun təmin edilməsinə xidmət edir.  Təhsilalanların geyim tələblərinə riayət etməsində valideynlərin və digər qanuni nümayəndələrin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Onlar uşaqlarının müəyyən edilmiş məktəbli forması ilə təmin olunmasına və həmin qaydalara əməl etməsinə diqqət yetirməlidirlər. Məktəb rəhbərliyi isə geyim tələblərinin icrasına nəzarət edir. Bu məsələlərlə bağlı qərarların məktəbin Pedaqoji Şurasında müzakirə edilməsi qaydaların ardıcıl və sistemli tətbiqinə imkan yaradır.

Təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyən edilməsi təhsil müəssisəsində peşəkar və işgüzar mühitin formalaşdırılması baxımından əhəmiyyətlidir. Müəllimin geyimi səliqəli, təmkinli və pedaqoji fəaliyyətin xarakterinə uyğun olmalıdır. Təhsilverənlərin geyim qaydalarına riayət etməsi onların şagirdlər üçün nümunə olmasına, müəllim-şagird münasibətlərində qarşılıqlı hörmətin və peşə etikası prinsiplərinin möhkəmlənməsinə töhfə verir. Bu tələblərin tətbiqində müvafiq normativ aktların müddəaları əsas götürülməlidir.

Geyim qaydalarının tətbiqi zamanı əsas məqsəd yalnız zahiri görünüşə nəzarət etmək deyil, həm də sağlam, təhlükəsiz, intizamlı və bərabər təhsil mühitini dəstəkləməkdir. Buna görə də məktəb rəhbərliyi, pedaqoji kollektiv, valideynlər və təhsilalanlar arasında əməkdaşlıq vacibdir. Qaydalar barədə məlumatlandırmanın düzgün aparılması, onların hamı üçün aydın olması və icra prosesində ardıcıllığın qorunması mümkün anlaşılmazlıqların qarşısını almağa kömək edir.

Beləliklə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər təhsil mühitində vahidliyin, intizamın, peşəkar davranışın və qarşılıqlı hörmətin təmin olunmasına yönəlmişdir. Bu tələblərin səmərəli tətbiqi qanunvericiliyin müddəalarına əməl edilməsini, məktəb rəhbərliyinin nəzarətini, müəllimlərin məsuliyyətli yanaşmasını və valideynlərin fəal iştirakını tələb edir. Geyim qaydalarına riayət olunması ümumi təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşmasına və təlim-tərbiyə prosesinin səmərəliliyinin artırılmasına dəstək verən amillərdən biridir.

Şəhla Xəlilova,
Fizika İnstitutu PHŞ, Yeni Azərbaycan Partiyasının Ərazi Partiya Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button