
YAP VIII Qurultayı Azərbaycanın regional əməkdaşlıq siyasətinin yeni mərhələsini siyasi baxımdan dəyərləndirmək üçün mühüm imkan yaradır. Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişafı, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsi və regional layihələrin təşviqi xüsusi yer tutur. Ölkənin geosiyasi mövqeyi ona Cənubi Qafqazla yanaşı, Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında əməkdaşlıq proseslərində fəal iştirak etmək imkanı verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional siyasətin əsas xüsusiyyətlərindən biri qarşılıqlı fayda prinsipidir. Azərbaycan regional əməkdaşlıq layihələrində tərəfdaşların maraqlarını nəzərə almaqla yanaşı, öz milli maraqlarını da qətiyyətlə qoruyur. Enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə həyata keçirilən layihələr ölkələr arasında qarşılıqlı asılılığı artıraraq sabitliyin iqtisadi əsaslarını güçləndirir.
Azərbaycanın enerji siyasəti regional əməkdaşlığın əsas uğurlu nümunələrindəndir. Neft və qaz kəmərləri, elektrik energisi layihələri və yeni yaşıl enerji təşəbbüsləri ölkəni müxtəlif dövlətlərin enerji təhlükəsizliyi sistemləri ilə əlaqələndirir. Nəqliyyat sahəsində də oxşar proses müşahidə olunur. Azərbaycan üzərindən keçən dəhlizlər Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində iqtisadi əlaqələrin inkişafına xidmət edir.
Regional əməkdaşlığın digər mühüm istiqaməti humanitar və mədəni əlaqələrdir. Azərbaycan müxtəlif xalqların və mədəniyyətlərin birgəyaşayış təcrübəsinə malik ölkə kimi tolerantlıq və qarşılıqlı hörmət prinsiplərini dəstəkləyir. Bu yanaşma Azərbaycanın beynəlxalq platformalarda multikulturalizm və mədəniyyətlərarası dialoq təşəbbüslərini də gücləndirir. YAP-ın siyasi fəaliyyəti çərçivəsində bu dəyərlərin qorunması Azərbaycanın regional imicinə də müsbət təsir göstərir.
YAP VIII Qurultayı Azərbaycanın regional əməkdaşlıq fəlsəfəsinin yeni geosiyasi şəraitdə daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü regional qarşıdurmaların deyil, əməkdaşlıq və bağlantı layihələrinin təşəbbüskarı kimi təqdim edir. Gələcəkdə nəqliyyat, enerji, rəqəmsallaşma və ticarət imkanlarının genişləndirilməsi Azərbaycanın regional liderlik potensialını daha da artıracaq. YAP isə bu siyasətin ictimai və siyasi dayaqlarının möhkəmləndirilməsinə töhfə verməlidir.
Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri



