AnalitikaGündəmSiyasət

Vətən uğrunda canından keçənlər heç vaxt unudulmur

Elə tarixi günlər var ki, milli yaddaşın, mənəvi dəyərlərin və Vətənə bağlılığın ifadəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən 27 Sentyabr – Anım Günü də xalqımız üçün belə əlamətdar tarixlərdəndir. Bu gün ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramı ifadə edir.
Şəhidlik milli-mənəvi dəyərlər sistemində ən uca zirvədir. Hər bir şəhidin həyat yolu Vətənə sədaqətin, fədakarlığın və cəsarətin nümunəsidir. Onların Vətən sevgisi, göstərdikləri misilsiz qəhrəmanlıq və müqəddəs amal uğrunda nümayiş etdirdikləri fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün Vətənə sədaqətin ən ali nümunələrindən biri olacaqdır.
Anım Günü həm də Vətən qarşısında məsuliyyətimizi dərindən dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu müqəddəs tarix gələcək nəsillərə şəhidlərimizin həyat yolunu, onların Vətən sevgisini və fədakarlığını çatdırmaqla milli yaddaşın qorunmasına xidmət edir. Şəhid ailələrinə və yaxınlarına daim hörmət və ehtiram göstərmək, onların göstərdiyi Vətən sevgisini, fədakarlıq və qəhrəmanlıq nümunələrini gənc nəslə aşılamaq hər birimizin mənəvi borcudur. Şəhid məzarları ziyarət olunur, ruhlarına dualar oxunur, onların əziz xatirəsi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edilir. Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Şəhidlər üçün Vətən anlayışı hər şeydən uca dayanırdı. Onlar ölkəmizin ərazi bütövlüyünün və dövlət təhlükəsizliyinin təmin olunması, gələcək nəsillərin firavan və əmin-amanlıq şəraitində yaşaması naminə canlarından keçərək misilsiz fədakarlıq göstərdilər. Məhz bu baxımdan şəhidlərimizin həyat yolu və Vətən uğrunda göstərdikləri qəhrəmanlıq xalqımız üçün qürur mənbəyidir. Şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Vüqar Abbasov,
YAP Astara rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button