AnalitikaGündəmSiyasət

Tarix Yazan Qəhrəmanlar: Vətən Övladlarının Şücaəti

Azərbaycan əsgəri 27 sentyabrda başlayan savaşda yalnız torpaq azad etmədi, həm də yeni bir qəhrəmanlıq salnaməsi yazdı. Cəbhənin müxtəlif istiqamətlərində vuruşan gənclərimiz ölümün gözünə dik baxaraq düşmənə sarsıdıcı zərbələr endirdilər. Onların hər biri bir dastan, hər biri bir qürur mənbəyidir.

Yüksək dağlıq şəraitdə, çətin relyefdə keçirilən əməliyyatlar hərbi mütəxəssislər tərəfindən heyranlıqla qarşılandı. Yaralı zabitini döyüş meydanında qoymayan, son nəfəsinə qədər mövqeyini tərk etməyən əsgərlərimizin şücaəti dildən-dilə gəzdi. Bu qəhrəmanlıq Azərbaycan xalqının mübariz ruhunun göstəricisidir.

Şəhidlərimiz öz canları bahasına ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. Onların qanı tökülən hər qarış torpaq indi bizim üçün daha müqəddəsdir. Anım Günündə hər birimiz şəhid məzarlarını ziyarət edərək onların ruhu qarşısında baş əyirik.

Qəhrəmanlar unutulmur, onlar yalnız cismən aramızdan ayrılırlar. Onların adları küçələrə, məktəblərə verilir, xatirələri xalqın yaddaşında əbədiləşdirilir. Biz şəhidlərimizlə qürur duyuruq və onların azad etdiyi torpaqları göz bəbəyimiz kimi qoruyacağıq.

Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button