AnalitikaGündəmSiyasət

Azərbaycanın mineral ehtiyatları müasir texnologiyalarla yenidən qiymətləndiriləcək

Azərbaycanın müxtəlif bölgələrində zəngin mineral ehtiyatların mövcudluğu ölkənin dağ-mədən sənayesi üçün geniş imkanlar yaradır. Lakin yataqların mövcudluğu onların iqtisadi potensialının tam müəyyənləşdirilməsi demək deyil. Bunun üçün müasir geoloji kəşfiyyat üsullarından istifadə olunmalı, ehtiyatların həcmi və keyfiyyəti yenidən qiymətləndirilməlidir. 2027–2030-cu illər Dövlət Proqramında bu istiqamətin xüsusi yer tutması Azərbaycanın mineral-xammal bazasının daha dəqiq öyrənilməsinə imkan verə bilər.

Prezident İlham Əliyevin çıxışında əvvəlki dövrlərdə, xüsusilə sovet illərində aparılmış kəşfiyyat işlərinin nəticələrinin müasir yanaşmalarla yenidən təhlil edilməsinin vacibliyi qeyd olunub. Aradan uzun illərin keçməsi geoloji məlumatların yenilənməsini zəruri edir. Eyni zamanda, müasir texnologiyaların inkişafı əvvəlki dövrlərdə mümkün olmayan daha dəqiq araşdırmaların aparılmasına imkan verir. Bu baxımdan yeni kəşfiyyat işləri ölkənin mineral ehtiyatları haqqında daha dolğun təsəvvür yaratmağa kömək edə bilər.

Müasir geoloji kəşfiyyatın əhəmiyyəti həm də investorlar üçün daha şəffaf məlumat bazasının yaradılması ilə bağlıdır. Yatağın ehtiyatları və geoloji xüsusiyyətləri barədə dəqiq məlumat olduqda layihənin iqtisadi səmərəliliyini qiymətləndirmək daha asan olur. Bu isə öz növbəsində yerli və xarici investorların sahəyə marağının artmasına şərait yarada bilər. Dövlətin geoloji kəşfiyyata sərmayə yatırması gələcəkdə özəl investisiyaların cəlb edilməsi üçün də zəmin yarada bilər.

Kəşfiyyat işlərinin Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasında da genişləndirilməsi nəzərdə tutulur. Naxçıvanda uzun müddət ərzində aparılmış kəşfiyyatların yetərli səviyyədə olmaması yeni araşdırmalar üçün geniş imkanların qaldığını göstərir. Qarşıdakı dövrdə müasir texnologiyalar əsasında aparılacaq tədqiqatlar yeni yataqların müəyyənləşdirilməsinə və regionun iqtisadi potensialının daha dolğun qiymətləndirilməsinə şərait yarada bilər.

Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button